[b]“Qəbələ” və “İnter” üçün tarixi şans[/b]
22.07.2015 - 11:11
[b]“Qəbələ” və “İnter” üçün tarixi şans[/b]

Sabah Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycan klubları da növbəti matçlarına çıxacaq.

 

Təmsilçilərimiz “İnter” və “Qəbələ” cavab oyunları çərçivəsində ev matçlarında qüvvəsini sınayacaq. Səfərdə fərqli nəticələr qazanan komandalarımız mərhələni Bakıda keçməyə çalışacaq.

 

“Çukariçki” ilə qarşılaşacaq “Qəbələ”nin üzərinə daha çətin vəzifə düşür. Serbiyadakı səfər görüşündə 0:1 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri qələbə qazanmalıdı. Əks halda isə təmsilçimiz mübarizəni dayandıracaq.

 

Qəbələnin eyniadlı təmsilçisinə qələbə də kifayət etməyə bilər. Çünki “qırmızı-qaralar” bir deyil, ən azı iki top fərqilə qalib gəlməlidi. 1:0 hesablı qələbə isə əlavə vaxt, hətta penaltilər seriyası ilə nəticələnəcək.

 

“Qəbələ” matça iki ciddi itki ilə çıxacaq. Meydana çıxdığı hər 3 qarşılaşmada sarı vərəqə alan Vitali Vernidubla Georgi Floresku cəzalı durumda olduğundan komandaya kömək etməyəcək. Buna baxmayaraq təmsilçimiz cari mövsümdə keçirdiyi 4 qarşılaşmada qol buraxmayan serbiyalıların müdafiəsini yarmağa çalışacaq. Tarixində ilk dəfə II təsnifat mərhələsində çıxış edən əyalət klubu uğurunu növbəti raunda yüksəlməklə davam etdirmək əzmindədi.

 

İslandiyada 2:1 hesablı qələbə qazanan “İnter” növbəti mərhələnin bir addımlığındadı. Bakılıları “Hafnarfyordur”la ev oyununda heç-heçə də qane edir. Zaur Svanadzenin yetirmələri hətta 0:1 hesabı ilə uduzsa da, mərhələ adlayacaq.

 

İslandiya çempionatında liderliyi son turda əldən verən “Hafnarfyordur”un “İnter”i büdrədəcəyi o qədər də inandırıcı görünmür. İlk qarşılaşmada qırmızı vərəqə alan əsas qapıçısının xidmətindən də məhrum olan qonaqlarla görüş bakılılar üçün xüsusi önəm daşıyır.

 

Belə ki, “İnter” mərhələ adlasa, tarixində ilk dəfə III təsnifat mərhələsinin iştirakçısı olacaq. Həmin raundda İspaniya “Atletik”i ilə görüşmək imkanı olan “bankirlər Bilbao təmsilçisini ölkəmizə gətirməyə çalışacaq.

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

23 iyul


21:00. "Qəbələ" (AZƏRBAYCAN) - "Çukariçki" (Serbiya)
Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

Bakı. “Bakcell Arena” stadionu 

İlk oyun – 0:1

 

21:00. "İnter" (Bakı, AZƏRBAYCAN) - "Hafnarfyordur" (İslandiya)

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin 

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna) 

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya) 

UEFA nümayəndəsi: Artur Qaydels (Litva)

Bakı. “İnter Arena” stadionu 

İlk oyun – 2:1