Ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda serbiyalı Nikola Valentiç, braziliyalı Rafael Santosun xidmətindən zədə üzündən yararlana bilməyən “Qəbələ”nin müdafiə xəttindəki problemləri səngimək bilmir. Apasport.az saytının məlumatına görə, bu dəfə komandanın seneqallı futbolçusu İbrahima Niasse ciddi zədə alıb.
Yuri Syominin gəlişindən sonra müdafiənin mərkəzində daha çox çıxış edən dayaq yarımmüdafiəçisi “Qarabağ”la görüşün 29-cu dəqiqəsində zədə alaraq yerini uzun müddətdən sonra sıraya dönən Rail Məlikova vermişdi. Müayinədən sonra məlum olub ki, əzələsindən zədə alan afrikalı oyunçu maksimum 3 həftə komandasına kömək edə bilməyəcək.
Elə “İnter”in də 1 legioneri sabah Qəbələdəki çempionat oyununu zədə üzündən buraxmalı olacaq. Paraqvaylı Mesa qardaşlarından Sezar “Qəbələ”dəki həmkarından daha ciddi zədə alıb.
O, ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyununun 73-cü dəqiqəsində Baçana Sxadadzenin yerinə meydana çıxsa da, az sonra yerini Asif Məmmədova verməli olmuşdu. Nəticədə cənubi amerikalı oyunçu matçdan sonra xəstəxanaya yerləşdirilmişdi. Martın 24-də MRT müayinəsindən keçəcək Sezarın əzələsinin yan bağları qırılıbsa, 2 aylıq sıradan çıxdığı dəqiqdir. Əgər müayinənin nəticələri onun xaçvarı bağlarının qırıldığını göstərsə, o zaman mövsümün sonunadək hücumameylli yarımmüdafiəçinin “İnter”ə kömək etməyəcəyi məlum olacaq.
Qeyd edək ki, “Qəbələ” – “İnter” oyunu sabah saat 15:00-da keçiriləcək.