“Qəbələ”də rumıniyalı futbolçu?
17.06.2014 - 15:59
“Qəbələ”də rumıniyalı futbolçu?

“Qəbələ” rumıniyalı cinah yarımmüdafiəçisi Liviu Antalı transfer edə bilər. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Ötən mövsüm “Vasluy”un heyətində Rumıniya çempionatının bombardiri olmuş 25 yaşlı futbolçunun klubla müqaviləsi 2014-cü ilin mayında başa çatıb. Azad agent olan yarımmüdafiəçi ilə Azərbaycan klubu arasında danışıqlar gedir. Bu futbolçunun “Qəbələ”yə transferi təsadüfü deyil.

 

Belə ki, bir neçə gün öncə “radarlar”a baş məşqçi təyin olunan Dorinel Muntyanu da Liqa-1-in bombardirini sərəncamında görmək istəyir.

 

Antal peşəkar karyerasına “Konkordiya” klubunda başlayıb. 2007/2008-ci illərdə bu klubun şərəfini qorumuş yarımmüdafiəçi 21 oyuna 8 qol vurub. 2008/2009 mövsümünü “Tırqu Mureş” klubunda keçirən futbolçu 26 dəfə bu komandanın formasını geyinib və 6 dəfə rəqib qapıçıları məyus edib.

 

2009-cu ildən etibarən “Oselul”da oynamağa başlayıb və 86 oyunda 16 qolun müəllifi olub. 25 yaşlı sağ cinah yarımmüdafiəçisi 2012-ci ildən “Vasluy”a keçib. O, burada 63 oyunda meydana çıxıb, 20 qol vurub və ötən mövsümün bombardiri olub.