İlk dəfə avrokuboklarda çıxış edəcək “Qəbələ”dən daha bir futbolçunun ayrıldığı müəyyənləşib. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, Nuran Qurbanovla yeni müqavilə bağlanmayıb.
20 yaşlı yarımmüdafiəçi “Qəbələ”də olduğu vaxt “Rəvan”da icarə əsasında çıxış edib. Nuranın gedişi ilə mövsüm başa çatdıqdan sonra komandadan gedənlərin sayı 15-ə çatıb. Mövsümün bitməyinə bir neçə tur qalmış “Qəbələ”nin yollarını ayırdığı Yannik Kamanan və Umar Kalabanı da nəzərə alsaq, bu say 17-dir.
Mövsüm başa çatdıqdan sonra “Qəbələ”də Nuran Qurbanovdan başqa, Marat İzmaylov, Dieqo Koşta, Nikola Valentiç, Lorival Assis, Davron Erqaşev, Elmar Baxşıyev, Abdulvahid Afolabi, Lorentso Ebesilio, Amit Quluzadə, David Petjkeviç, İbrahima Niasse, Leonardo da Silva, Daniyel Subotiç və Rail Məlikovun çıxış etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, gedənlərin yerinə hələ ki cəmi 4 futbolçu “Qəbələ”yə gəlib. Ruslan Əmircanov “İnter”, Andrey Kristya Rumıniyanın “Braşov” klubu və Adrian Ropotan Nijni-Novqorod “Volqa”sından gəlib. “Rubin”ə məxsus olan Ruslan Abışov isə icarə əsasında çıxış edəcək.