“Qəbələ”dən yeni rekord!
08.05.2014 - 12:59
“Qəbələ”dən yeni rekord!

Topaz Premyer Liqasının XXXIV turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, “Bakı” üzərində 3:1 hesablı qələbə qazanan Yuri Syominin yetirmələri ölkə çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin edib.

 

Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “4-lük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdır.

 

Ölkə kubokunun finalında “4-lük”də yer almağa digər namizədlə “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avroliqada oynamaq hüququ qazanıb. Bu, son 2 tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.

 

XXXI turda “Rəvan”ı 2:1, XXXII turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri ardıcıl 4-cü qələbəsini qazanıb. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdır. Komanda ötən mövsümün XXI-XXIV turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəmsiləşdirəcək

 

Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yenilənib. Qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekord daha da yaxşılaşdırılıb. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlanıb – 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlanıb. Cari çempionatda 12-ci qolunu vuran Daniyel Subotiç Premyer Liqada bir mövsümdə ən çox qol vurmaq rekordunu yaxşılaşdırıb.

 

Marat İsmayılov və Müşfiq Teymurov “Qəbələ”nin heyətində qol hesablarını açıb. Marat 16-cı, Müşfiq isə 15-ci görüşündə buna nail olub. Bununla da klub tarixində qol vuranların ümumi sayı 86-ya, Premyer Liqada fərqlənənlərin sayı 64-ə çatıb. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu olub. Ölkə çempionatları tarixində isə o, komandanın 5-ci ən gənc qolçusudur.

 

Qeyd edək ki, Amil Yunanov (19 yaş 4 ay 5 gün), Vasif Əliyev (20 yaş 20 gün), Vüsal Qarayev (20 yaş 1 ay 3 gün), Samir Zərgərov (20 yaş, 5 ay 25 gün), Asif Məmmədov (20 yaş 7 ay 27 gün) daha gənc yaşlarında qol vurmuşdular.