“Fikrimcə, bu cür “maksimum hədd”in tətbiq edilməsi tamamilə düzgün olmayan qərardır. Niyə bu təşəbbüsü irəli sürən deputatlar belə əmindirlər ki, legionerlərin ödənişinə gedən pullar UGİM-in inkişafına və stadionların bərpasına buraxılacaq?!” Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman və Gənclərlə İş üzrə komitə sədrinin 1-ci müavini Dmitri Svişçev elan edib ki, ölkə parlamenti futbolda maaşlara maksimum hədd qoyulmasına dair layihə üzərində işləyir. Deputatların fikrinə görə, bu addım legionerlərin sayının azalmasına və Rusiya komandalarının nəticələrinin yaxşı olmasına gətirib çıxaracaq. Bu qərar qəbul ediləcəyi halda, nəinki maaşlara, eləcə də pul mükafatlarına da tətbiq olunacaq.
Ancaq ekspert qismində çıxış edən Syomin buna qarşıdır: “Kimə və nə qədər maaş ödəmək klubların şəxsi işidir. Biz Avropa və dünya futbolunda mövcud olan qaydalardan kənara çıxmamalıyıq. Niyə velosiped ixtira etməliyik, əgər o çoxdan icad olunubsa?! Əgər oyunçu nəzərə çarpandırsa, o çox almalıdır. Bu, danışıqlar zamanı individual şərtlərdir. İstedadlı insan çox pul almalıdır! Deputatlardan fərqli, futbolçuların iş müddəti 10-12 ildir. Bu müddətdə o, normal həyat tələbatından artığını özünə qurmalıdır. SSRİ-də karyerasını bitirən yaxşı oyunçular dilənçi durumuna düşdüyü kimi, futbolla vidalaşma olmamalıdır. Nəhayət, “maksimum hədd” zamanı biz burda başqa ölkələrdən yaxşı futbolçular görməyəcəyik. Ödənişlərə hədd qoyulsa, məgər Halk bizə gələr?”
Syominin sözlərinə görə, bu işlərlə deputatlar yox, idmanda peşəkar olanlar məşğul olmalıdır: “Deputatlara məsləhət görərdim ki, orta və ali məktəblərimizdə bədən tərbiyəsi və futbol dərslərinin daha çox keçirilməsinin qayğısına qalsın. Bax, parlamentarilərin diqqətini buna - bədən tərbiyəsinin inkişafına yönəltmək lazımdır! Maaşlara “hədd” peşəkar idmanın mövzusudur və gəlin, bunun müzakirəsini onlara buraxaq. Onlar özləri bunu araşdırsın ki, kimə nə qədər pul vermək lazımdır”.
Qeyd edək ki, ödənişlərə maksimum hədd ABŞ-ın NHL, NBA, NFL liqalarında və Rusiyanın Kontinental Hokkey Liqasında tətbiq olunur. Ancaq Rusiyadakı praktika ümumidir. Belə ki, 1 komanda aya 1 milyard 100 min rubldan artıq maaş ala bilməz. Növbəti mövsümdən isə Rusiyanın I dəstəsində oyunçu və məşqçi maksimum 300 min rubl alacaq.