“Qəbələ”yə gələcəyi iddia edilən məşqçi: Bu xəbərlər hardan çıxır, bilmirəm
07.04.2014 - 08:54
“Qəbələ”yə gələcəyi iddia edilən məşqçi: Bu xəbərlər hardan çıxır, bilmirəm

“Qəbələ”nin baş məşqçi postuna türkiyəli məşqçi İsmail Kartalın təyin olunacağı xəbəri təsdiqini tapmayıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın məşqçisi bu xəbəri təkzib edib.

Belə ki, o, hazırda “Fənərbaxça”da çalışdığını və Ərsun Yanalın köməkçisi kimi işinə davam etdiyini bildirib: “Hazırda çempionluğa doğru gedirik. Ağlımda çempionluqdan başqa bir düşüncə yoxdur. Bu xəbərlər hardan çıxır, bilmirəm”.

Qeyd edək ki, Türkiyənin sporx.com saytı aprelin 5-də İsmail Kartalın Yuri Syominin yerinə “Qəbələ” ilə anlaşdığı iddiası ilə çıxış etmişdi. 52 yaşlı çalışdırıcının yaxın günlərdə ölkəmizə gələrək müqavilə bağlayacağı bildirilirdi.

İsmail Kartal futbolçu karyerası ərzində “Sarıyer”, “Qaziantepspor”, “Dənizlispor” və “Adanaspor”dan başqa, 10 il ərzində (1983-1993) “Fənərbaxça”nın şərəfini qoruyub. 6 dəfə Türkiyə millisində çıxış etmiş Kartal 2010-cu ildən “Fənərbaxça”da köməkçi məşqçi vəzifəsində çalışır.