“Baş məşqçimiz “Qarabağ”ın oyununu canlı izləyib. Bu üzdən də rəqibi yaxşı təhlil etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Martin Hinteregger deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la Bakıdakı oyunu ərəfəsində baş tutan mətbuat konfransına qatılan futbolçu təmsilçimizə yaxşı bələd olduqlarını bildirib: “Yorucu səfər və saat fərqi özünü göstərir. Amma biz peşəkarıq. “Qarabağ”ın oyununa bələdik. Onlar komanda oyunu göstərir. Onlar bizim hücumların qarşısını almağa çalışacaq. Lakin biz də var qüvvəmizlə qələbə üçün oynayacağıq”.