Məşhur ispaniyalı futbolçu, “Real Madrid” klubunun fəxri prezidenti Alfredo di Stefano vəfat edib. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçunun 88 yaşı olub.
Di Stefano iyulun 5-də “Santyaqo Bernabeu” stadionunun yaxınlığında ürək tutması keçirib və komaya düşüb. Onun hətta 18 saniyə ərzində nəfəsi də dayanıb. Futbolçu dərhal hospitala yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, di Stefano 88 yaşını iyulun 4-də qeyd edib.
Di Stefano 1950-1960-cı illərdə “Real”ın heyətində çıxışı ilə məşhurlaşıb. O, komandanın tərkibində 282 matça çıxıb və 216 qol vurub. Buenos-Ayresdə doğulan futbolçu Argentina, Kolumbiya və İspaniya millilərinin şərəfini qoruyub. O, iki dəfə Argentina, üç dəfə Kolumbiya və səkkiz dəfə İspaniya çempionudur. Di Stefano FİFA-nın şərəf zalının ilk üzvüdür.
O, 2000-ci ildən “Real”ın, 2008-ci ildən isə həm də UEFA-nın fəxri prezidentidir.