“Komandanın növbəti mövsüm üçün gəncləşdirmə siyasətini nəzərə alaraq, Rəşad Sadiqovun başqa kluba keçməsinə problem yaratmayacağıq”. Bunu apasport.az saytına “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
Cari mövsümə “Neftçi”nin kapitanı kimi başlayan Rəşad Sadiqov qış fasiləsindən sonra klubda yaşadığı problemlər ucbatından bu hüququndan məhrum edildi. Buna görə, Sadiqovun mövsümün sonunda “ağ-qaralar”ı tərk edəcəyi gözlənilən idi. Onunla “Qəbələ” və “Xəzər Lənkəran”ın maraqlandığı bildirilir.
Elə klubun vitse-prezidenti Tahir Süleymanov Sadiqovun növbəti mövsüm “Neftçi”də oynamayacağını təsdiqləyib: “Rəşad Sadiqova görə konkret yerli klublardan birindən rəsmi təklif almışıq. Hələlik həmin klubun adını çəkməyi lazım bilmirəm. Bildiyiniz kimi, onun hələ bizimlə 1 illik müqaviləsi mövcuddur. Artıq növbəti il 31 yaşının olacağını və başqa klubdan sərfəli təklif aldığını nəzərə alıb, Rəşadın gedişinə mane olmayacağıq”.
Qeyd edək ki, “Neftçi”ni müdafiəçilər - İqor Mitreski və Mahir Şükürovun tərk edəcəyi rəsmən təsdiqini tapıb.