[b]“Sarı vərəqəyə görə bizi qınayırlar” - Vassoura[/b]
28.09.2016 - 11:40
[b]“Sarı vərəqəyə görə bizi qınayırlar” - Vassoura[/b]

Azərbaycan millisinin futzalçısı Vassouranın apasport.az saytına müsahibəsi

 

- Yığmamız Kolumbiyada keçirilən dünya çempionatında 1/4 finala kimi irəlilədi. Millinin mundialdakı çıxışını necə qiymətləndirirsiniz?

- Fikrimcə, yaxşı nəticə qazandıq. Pozitiv məqamlar çox oldu. Birinci mərhələ çətin alındı. Çünki biz qrupu ikinci pillədə bitirmək istəyirdik. Mərakeş üzərində

böyükhesablı qələbədən sonra İspaniyanı yenə bilmədik. 2:4 hesabı ilə uduzduğumuz oyunda iki avtoqol qeydə alındı. İranla oyunda qələbəni əldən verdik. Sona az vaxt qalmış hesabda öndə idik, amma səhvimiz üzündən rəqib bərabərlik qolunu vurdu. Heç-heçə də bizə sərf etdiyindən, qrup mərhələsini istədiyimiz yerdə bitirdik. Bu bizim ilk uğurumuz oldu. Sonrakı faza Tailandla duel oldu. Oyun dramatik alındı. Dünya çempionatları tarixinə bolqollu oyunlardan biri kimi düşdü. Bu matçı hətta FİFA-nın rəsmi saytı da fərqləndirdi.

 

- 1/4 finalda Portuqaliyaya qalib gəlməyinizə nə mane oldu?

- İtkilər. Demirəm, biz oynasaydıq mütləq udacaqdıq. Sadəcə, köməyimiz dəyəcəydi. Onsuz da oyunçu baxımından sayımız az idi. Hiss olunurdu ki, yorğunluq da mane oldu.

 

- Medal şansını qaçırdığınıza görə təəssüflənmirsiniz?

- Əlbəttə, şansımız var idi. Hətta bu real idi, təəssüf ki, yararlana bilmədik. Obyektiv səbəblər var idi. Amma bizsiz də komandamız yaxşı oynadı. Onların əziyyətini itirmək olmaz. Vuruşdular, mübarizə apardılar. Sadəcə, kömək vacib idi, amma biz də cəzalı olduğumuzdan bunu bacarmadıq.

 

- Harda səhvə yola verdiniz?

- Ciddi səhvə yol verdiyimizi düşünmürəm. Bəlkə də sarı vərəqəyə görə bizi qınayırlar. Amma oyun zamanı elə məqamlar olur ki, özünü qoruya bilmirsən. Ümumi götürdükdə, müsbət məqamlardan daha çox danışmalıyıq. İlk dəfə gəldiyimiz dünya çempionatını 5-6-cı yerdə başa vurdum. Bu, uğur deyil?

 

- Özünüz də dediniz, sarı vərəqələrdən qaçmaq mümkün deyildi. Səbəb nə idi?

- Birinci sarı vərəqə ilə bağlı irad bildirə bilmərəm. Amma ikincini niyə göstərdi, anlaya bilmədim. İspan hakim bizə qarşı ədalətsiz qərarlar verirdi. Mən kiməsə toxunmamışdım. Lakin referi sarı vərəqə göstərdi. Çox ədalətsizlik etdi.

 

- Çempionatı sürprizlər mundialı adlandırmaq olarmı?

- İndi ən güclü yığma Rusiyadı. Onların çempion olmaq şansı böyükdü. İranın Braziliyanı udması bir qədər gözlənilməz oldu. Bunu sürpriz hesab etmək olar.

Amma Rusiyanın İspaniyanı keçəcəyi gözlənilirdi. Çünki əvvəlki oyunda İspaniyanın 3 oyunçusu sıradan çıxdı. Onlardan biri qırmızı vərəqə aldı, qalan ikisi zədələndi. Üç futzalçının yoxluğu hiss olunmalı idi, olundu da.

 

- Növbəti hədəf “Araz”ın elit-raunda yüksəlməsi olacaq?

- Təbii ki, dünya çempionatı bizim üçün bitdi. Xoş təəssüratlarla Kolumbiyanı tərk etdik. İndi növbəti imtahana hazırlaşmalıyıq. “Araz”ın birinci yeri tutması, mərhələ adlaması vacibdi. Bizdən bu istənilir. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

0