Donetskin “Şaxtyor” futbol klubu Ukrayna ordusu və terrorçular arasında silahlı qarşıdurma davam edəcəyi təqdirdə, şəhəri tərk edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “mədənçilərin” baş direktoru Sergey Palkin məlumat verib.
Futbol məmuru “Şaxtyor”un bütün hallarda Ukrayna çempionatında çıxış edəcəyini vurğulayıb: “Əgər Donetskdə vəziyyət düzəlməsə, başqa şəhərə köçərək, orada məşq edəcəyik və oynayacağıq. Amma hələlik konkret variantlar nəzərdən keçirilmir”.
Qeyd edək ki, mayın 31-də komandanın bazasının yaxınlığında güclü atışma olub. Hazırda oyunçuların bir hissəsi dünya çempionatı ilə bağlı milli komandalarının heyətində, digərləri isə məzuniyyətdədir.
Ukraynalı milyarder Rinat Əhmədova məxsus “Şaxtyor” klubu yaradıldığı 1936-cı ildən bu yana Donetskdə yerləşir. Əhmədov 2009-cu ildə 400 milyon dollara “Donetsk-Arena”nı tikdirib. Ötən mövsüm komanda tarixində 9-cu dəfə Ukrayna çempionu olub.