Mirça Luçeskunun başçılıq etdiyi Donetsk “Şaxtyor”u Ukrayna Superkuboku uğrunda matçda Kiyev “Dinamo”suna qalib gəlib. Apasport.az saytının məlumatına görə, Lvovda keçirilən oyun 2:0 hesabı ilə başa çatıb.
Ölkədəki hərbi-siyasi vəziyyətlə əlaqədar Ukraynanın şimal-cənubunda futbol matçları keçirmək qadağan olunduğundan, oyun Lvovda baş tutub. Hesab ancaq 75-ci dəqiqədə açılıb. Əlavə olunan vaxtda isə “şaxtaçılar” ikinci topu vurublar.
Bir neçə gün öncə “Şaxtyor”dan qaçan 6 futbolçu – braziliyalılar Aleks Treşeyra, Fred, Dentinyo, Duqlas Kosta, İsmaili, eləcə də argentinalı Fakundo Ferreyra oyunda iştirak etməyiblər. Onların hamısı komandanı iyulun 19-da Fransadakı təlim-məşq toplanışı zamanı tərk edib. Fred və İsmaili iyulun 23-də komandaya qayıtmağa hazır olduqlarını bildiriblər. Digər futbolçuların yeri isə bilinmir.
“Şaxtyor” Ukrayna Superkubokunu 6-cı dəfə qazanır. Donetsk komandası bundan əvvəl 2005, 2008, 2010, 2012 və 2013-cü illərdə kuboku başları üzərinə qaldırıblar. Kiyevlilər isə 2004, 2006, 2007, 2009 və 2011-ci illərdə Superkubokun sahibi olublar.
Ukrayna çempionatı iyulun 25-də start götürür.