“Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm”. Apasport.az xəbər verir ki, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun müdafiəçisi Vyaçeslav Şevçuk deyib.
Donetsk təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”la dünən keçirilən yoxlama matçında 2:0 hesablı qələbə qazandı.
Qarşılaşma barədə danışan Şevçuk “Qarabağ”ın da qol vurmaq şansının olduğunu deyib: “Bundan öncə “Vakker”lə üz-üzə gəlmişdik. “Qarabağ” onlardan daha güclü komandadır. Amma biz daha yaxşı oynayıb qələbə qazandıq. Rəqib ilk hissədə özünü yaxşı tərəfdən göstərə bildi. Fiziki cəhətdən daha yaxşı oyun nümayiş etdirirdilər. Həm də ola bilər ki, onlar bizim qədər məşq etmirlər”.
“Şaxtyor”un gənc yarımmüdafiəçisi Serger Bolbat isə 2:0 hesablı qələbəyə baxmayaraq, oyunun bərabər səviyyədə keçdiyini söyləyib: “Biz burada ağır məşqlər edirik. “Qarabağ”la oyunda da yorğunluq sözünü dedi. Rəqibin yaxşı qol imkanları oldu. Amma istifadə edə bilmədi. Deyərdim ki, bərabər səviyyəli bir oyun idi. Amma biz 2 qol vurub, qalib gəldik”.