Qazaxıstanda maraqlı rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Akjayık” klubunun heyətinə qatdığı ukraynalı futbolçuların sayı 7-yə çatıb.
İqor Xudobyakın transferinə geniş yer verən Ukrayna mətbuatı “Akjayık”ın bu addımını dəyərləndirib. Qazaxıstan təmsilçisinə hazırda dünyada ən çox ukraynalısı olan qeyri-Ukrayna klubu adı verilib.
Heyətində, ümumilikdə 9 legioneri olan “Akjayık”da qapıçı Yevgeni Borovik, müdafiəçilər Sergey Basov, Yuri Putraş, yarımmüdafiəçilər Andrey Tkaçuk, İqor Xudobyak, hücumçular Maksim Feşuk və Aderinsola Habib Eseola Ukraynanı təmsil edir. Uralsk şəhərini təmsil edən klubun baş məşqçisi isə Vladimir Mazyardı. Vaxtilə Azərbaycanda “Simurq”un şərəfini qorumuş hücumçu həmyerlilərini çalışdırdığı komandaya yığır.
Məhz həmin “Simurq”dakı Azərbaycandakı analoji rekord bu kluba məxsusdu. Özü də Zaqatala təmsilçisinin göstəricisi “Akjayık”ı da kölgədə qoyur.
Hazırda rekord Qazaxıstan təmsilçisinə məxsus olsa da, Mazyarın komandasının “Simurq”a çatmasına hələ var.
Düzdü, Azərbaycan müstəqillik tarixinə ilk legioner kimi düşən, amma həmyerlimiz kimi qəbul olunan Əhməd Ələsgərov 1998/99 mövsümündə “Neftçi”yə, 2004/05 mövsümündə isə Anatoli Konkov “İnter”ə ukraynalıları cəmləmişdi. Hər iki komandada eyni vaxtda bu ölkənin 5 üzvü olub. 2006-cı ildə Premyer Liqaya yüksələn “Simurq” isə bu komandaları da arxada qoymaqla Azərbaycanda rekord vurub.
Ukraynalı Roman Pokora ilk mövsümə 6 həmyerlisi ilə başlayıb. Bu, artıq Azərbaycan rekordu idi. Qış fasiləsində Mixaylo Starostyak və Vladimir Mazyarı heyətinə qatan Zaqatala klubunun 8-ə çatmasına gedənlər mane olub. Pokora Sergey Rujitski və Sergey Şeqlovu qışda, Yuri Bulıçovi isə az sonra göndərməyə qərar verib.
2007/08 mövsümü mütləq rekordla başlayıb. “Simurq” bütün çempionatı 8 ukraynalı futbolçu ilə keçirib. Bunlardan da biri indi “Akjayık”da rekord vuran Mazyar olub. Düzdü, mövsümün ilk yarısından sonra Pokora Aleksandr Poklonski, Nikola Zbarax və Oleq Timçişinə qapını göstərib. Əvəzində Ruslan Kaçur, Andrey Nikitin və Nikola Lapko kluba cəlb olunub. Aleksandr Malıgin, Andrey Danayev, Mixaylo Starostyak, Taras Çopik və Vladimir Mazyarın da olduğu komandada ukraynalılar 8-ə çatıb. Legioner limitinin olmadığı dövrdə eyni oyunda bu futbolçuların 8-i də protokola daxil edilirdi. Amma onlardan ikisi qapıçı olduğundan meydanda eyni vaxtda 7-dən artıq ukraynalı olmurdu. Əslində 7 belə oyunçunu bir komandaya yığan “Akjayık”da onlardan neçəsinin meydana çıxacağı hələ bilinmir.
Pokora növbəti iki ildə də həmyerlilərinə üstünlük verib. Amma 2007/08 mövsümünün rekordu toxunulmaz qalıb. 2008/09 mövsümünə 5 ukraynalı ilə başlayan “Simurq” qışda bu ölkədən daha iki futbolçu gətirib. Onlardan biri milliləşdirdiyimiz legioner olub. Bununla da rəqəm 7-yə çatıb.
Növbəti – 2009/10 mövsümünə də zaqatalalılar 7 ukraynalı ilə başlayıb. Bunlardan biri milliləşəndi. Qışda Andrey Sokolenkonu göndərən Pokora 7-ci həmyerlisi Andrey Rasporovu transfer edib. Beləliklə, 2007/08 mövsümündə 8 ukraynalının olması bu ölkə futbolçularının bir klubumuzdakı maksimal sayı kimi toxunulmaz qalıb.