Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan klubunun bəxtinə Bosniya və Herseqovina təmsilçisi düşüb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə görüşəcək “Şiroki Briyeq” tanış rəqib sayılır.
Çünki məhz bu komanda 10 il əvvəl də ölkəmizə gəlmişdi.
Həmin vaxt “Şiroki Briyeq” Çempionlar Liqasında “Neftçi” ilə görüşmüşdü. Səfərdə baş tutan ilk matçda 2 qol buraxan “Neftçi” yalnız 90-cı dəqiqədə Zaur Tağızadənin fərqlənməsi ilə şanslarını qorumuşdu. Məhz həmin top da sonda həlledici oldu.
Bakıdakı görüşdə Emin Quliyevin qolu ilə 1:0 hesablı qələbə qazanan bakılılar mərhələ adlamağa sevinmişdi. Bu da səfər qolu sayəsində mümkün olmuşdu.
Bosniya və Herseqovina təmsilçisi ilə duel “Neftçi” üçün tarixi olub. Paytaxt təmsilçisi məhz 2004/05 mövsümündəki qələbə ilə tarixinə ilk dəfə mərhələ keçib.