Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olacaq Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu səfər sindromu yaşayır. Apasport.az saytının məlumatına görə, balkanlılar avrokuboklardakı son 5 səfər matçında qələbəyə həsrət qalıblar. Üstəlik, onlar bu qarşılaşmaların hərəsində minimum 2 qol buraxıb.
Bundan başqa, “Qəbələ”nin rəqibi ardıcıl 4 dəfə rəqib meydanında uduzub. Ötən mövsüm Qazaxıstanda “İrtış”a 2:3, İtaliyada “Udineze”yə 0:4 uduzan “Şiroki Briyeq” 2012-ci ildə İrlandiyada “Sent Patriks” (1:2), 2011-ci ildə Sloveniyada “Olimpiya” (0:3) önündə aciz qalmışdı.
2010-cu ildə Avstriyada “Austriya”ya uduzmayan balkanlılar 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdilər. Son səfər qələbəsi də 4 il əvvəl Sloveniyada qeydə alınıb. Bosniya və Herseqovina təmsilçisi “Olimpiya”ya 2 cavabsız qol vurub.
Qeyd edək ki, bu matçların hamısı Avropa Liqasına keçirilib.