İtaliya millisi hücum xətti ilə bağlı problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Norveçlə keçiriləcək oyunöncəsi bu məsələ İtaliya futbol ictimaiyyətini narahat edir.
“Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte də hazırda ön xətdəki problemin həlli yollarını axtarır. Stefan El Şaravi yayda icarəyə yollandığı “Monako”da hələ qol hesabını aça bilməyib. Mario Mandzukiçin gəlişindən sonra əsas heyətdəki yerini itirən “Yuventus”un forvardı Simone Zaza daha çox sonradan meydançaya daxil olur. Bunun da nəticəsidi ki, 6 turdan sonra 24 yaşlı oyunçunun aktivində cəmi 1 qol var.
Manolo Qabbiadini də “Napoli”də gününü ehtiyatda keçirməklə məşğuldu. “Latsio”nun üzvü Antonio Kandreva bu mövsüm 2 oyunda iştirak edib, qol üzü görməyib. “Palermo”da çıxış edən Franko Vasqes də susqunluğunu hələ pozmayıb. “Toronto”nun formasını geyinən Sebastian Covinko pis formada deyil. Lakin o da hücumun mərkəzində yox, cinahında çıxış edə bilir. Yalnız Braziliya əsilli Eder (“Sampdoriya”) və Qratsiano Pelle (“Sauthempton”) mövsümə uğurlu start götürüblər. Lakin onlar da milli komandada klubdakı kimi çıxış edə bilmirlər.
Bütün bunları nəzərə alan Antonio Konte ön xətdə müəyyən dəyişikliklər etməyi planlaşdırır. Yerli KİV-in iddiasına görə, italyanların çalışdırıcısı bu dəfə hücuma Mario Balotelli (“Milan”), Domeniko Berardi (“Sassuolo”), Fabio Kvalyarella (“Torino”), Rikkardo Saponara (“Empoli”) və zədəsini sağalda bilsə, Lorenzo İnsinyeyə dəvət göndərəcək. Son çağırılanlardan isə yalnız Pelle və Ederin adının yenidən siyahıda olması gözlənilir.
Qeyd edək ki, İtaliya yığması seçmə mərhələnin son iki matçı çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan millisinin qonağı olacaq, 3 gün sonra isə Romada Norveçi qəbul edəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı