“Şturm”un baş məşqçisi: Afərin Kaxaber Sxadadzeyə!
20.06.2014 - 11:10
“Şturm”un baş məşqçisi: Afərin Kaxaber Sxadadzeyə!

“İnter”lə oyun çox maraqlı alındı. Sizin yaxşı komandanız var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şturm” klubunun baş məşqçisi Darko Milaniç deyib.

 

Dünən Avstriyada ikinci yoxlama oyununu keçirən “İnter” yenə yerli komanda ilə qarşılaşdı. Bu dəfə rəqib daha güclü “Şturm” idi. “Valdştadion Ditersdorf”da 600 azarkeşin izlədiyi matçda “İnter” Qrats təmsilçisinə 3:2 hesabı ilə qalib gəldi. Həmin oyundan sonra rəqib komandanın baş məşqçisi saytımız üçün fikirlərini bildirib.

 

46 yaşlı sloveniyalı çalışdırıcı Kaxaber Sxadadze və onun komandasını tərifləyib: “Afərin baş məşqçinizə. Ona görə ki, komandasının oyununda məşqçinin futbol fəlsəfəsini görmək olar. Düşünürəm ki, “İnter” bizimlə görüşdə yaxşı oynadı. Biz də 10 günlük hazırlıqdan sonra çox yaxşı çıxış etdik. Ancaq bəzi epizodlarda hələ də olduqca zəif təsir bağışlayırıq. Ümumi danışsam, bizim üçün güclü rəqibə qarşı yaxşı yoxlama oyunu oldu”.

 

Yuqoslaviya və Sloveniya yığmasının sabiq müdafiəçisi olmuş Milaniç 2 il əvvəl “Maribor”la “İnter”ə qalib gəldiyi oyun haqqında isə bunu deyib: “2 il əvvəl mən “Maribor”da baş məşqçi işlədiyim zaman sizin komandanızla yoxlama oyununda üz-üzə gəldiyimi bilirəm. Lakin həmin oyunu yaxşı xatırlamıram. Ona görə də o vaxtkı və indiki “İnter”i müqayisə edə bilmərəm. “İnter”ə Avroliqa və Azərbaycan çempionatı oyunlarında uğurlar arzulayıram”.

 

Qeyd edək ki, “İnter” 2012-ci ilin iyunun 21-də “Lyudski vrt” stadionunda Sloveniya çempionu “Maribor”la yoxlama görüşü keçirmiş və 0:1 hesabı ilə məğlub olmuşdu.

 

Səbuhi TOFİQOĞLU