“Barselona”nın müdafiəçisi Mark Bartra komandanın yeni oyunçusu Luis Suaresin bir daha heç kimi dişləməyəcəyinə əmindir. Apasport.az saytının məlumatına görə, Bartra Uruqvay millisinin hücumçusunun düzəlmək istədiyini düşünür.
Xatırladaq ki, hazırda 27 yaşlı futbolçu İtaliya millisinin müdafiəçisi Corco Kellini dişlədiyinə görə, futboldan uzaqlaşdırılıb. Bu həftə “Barselona” ilə müqavilə imzalayan Suares diskvalifikasiya səbəbindən mətbuata belə təqdim olunmayıb. Kataloniya klubu ilə müqavilədə yazılıb ki, Suares oyun zamanı bir daha kimisə dişləsə, 2 milyon avro cərimə edilə bilər.
Bartra Suaresin alınmasının komanda üçün böyük uğur olduğunu vurğulayıb: “O, dünyanın ən güclü hücumçularından biridir. Suares komandanı gücləndirəcək. Ən əsası odur ki, o, Kellinidən üzr istəyib və ona şəxsiyyət kimi hörmət edir. O bir daha heç kimi dişləməyəcək. Suares buna söz verib”.