“Sumqayıt” Rivaldonun sabiq komandasına qarşı
01.07.2014 - 18:03
“Sumqayıt” Rivaldonun sabiq komandasına qarşı

Premyer Liqanın 2014/15 mövsümünə hazırlaşan “Sumqayıt” təlim-məşq toplanışına yığışacaq. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 15-i hazırlıq mərhələsinin II mərhələsi üçün Türkiyəyə yola düşəcək.

İyulun 28-dək Qartəpə bölgəsində yerləşən “Green Park Resort Kartepe” otelində məskunlaşacaq komanda qonşu ölkədə 5 yoxlama matçı keçirəcək. Artıq “Sumqayıt”ın 2 sparrinq rəqibi də müəyyənləşib. Belə ki, komanda iyulun 17-də İranın I dəstə təmsilçisi “İstiqlal Əhvaz”, 20-də isə Özbəkistan çempionu “Bunyodkor”la üz-üzə gələcək. Digər 3 yoxlama oyununda rəqiblərin kimliyi daha sonra bilinəcək.

Qeyd edək ki, vaxtı ilə Braziliya yığmasının və “Barselona”nın sabiq futbolçusu Rivaldo Daşkənd klubunda çıxış edib. “Bunyodkor” hazırda Özbəkistan çempionatında 12 oyundan sonra 25 xalla IV pillədə qərarlaşıb.