“Sxadadzenin müqaviləsində xüsusi bənd var”
09.05.2014 - 10:41
“Sxadadzenin müqaviləsində xüsusi bənd var”

“Son vaxtlar baş məşqçimiz Kaxaber Sxadadze barədə bir sıra fikirlər səsləndirilir”. Apasport.az saytının məlumatına görə, bu szöləri Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

 

O bildirib ki, Tiflis “Dinamo”sunun maraq dairəsində olan baş məşqçi Kaxaber Sxadadzenin klubda qalmasının tərəfdarıdır: “Qeyd etmək istəyirəm ki, bu mütəxəssislə imzalanmış müqavilədə komanda mövsümün yekunlarına görə ilk üç yeri tutduğu zaman və ya avrokuboklarda iştirak hüququ qazandığı təqdirdə  müqavilə müddətinin avtomatik olaraq daha bir il uzadılmasını nəzərdə tutan xüsusi bənd var. Biz həmin bəndə əsasən müqavilə müddətini uzatmaq istəyirik. Biz bu mütəxəssislə bir neçə ildir uğurla əməkdaşlıq edirik və birgə işimizi davam etdirmək istəyirik”.

 

Klubun saytına açıqlama verən Nikolov Azərbaycan çempionu “Qarabağ”la Topaz Premyer Liqasının XXXIV turunun matçı haqda da fikirlərini bildirib: “Oyunda qeydə alınan hesaba baxmayaraq qarşılaşma hər iki komanda üçün kifayət qədər mübariz şəraitdə və ağır keçdi. Birinci hissədə qol vurmaq üçün şanslarımız oldu, lakin vəziyyətlərdən yararlana bilmədik. “Qarabağ”ı çempion olması münasibətilə təbrik edirəm və komandaya Çempionlar Liqasında uğurla çıxış etməsini arzulayıram”.