“Uğursuzluğumuzu “Neftçi” ilə bu oyunlarda unutduracağıq”
12.08.2014 - 10:27
“Uğursuzluğumuzu “Neftçi” ilə bu oyunlarda unutduracağıq”

“Biz Çempionlar Liqasında uğursuzluğa düçar olduq. Lakin Avroliqada yolumuza davam edirik və heç olmasa burada uğur qazanmaq istəyirik”. Apasport.az xəbər verir ki, bu sözləri “Partizan”ın müdafiəçisi Miroslav Vuliçeviç deyib.

 

Yerli mətbuata  açıqlama verən Serbiya klubunun futbolçusu Avroliqanın pley-off mərhələsində oynayacaqları “Neftçi”ilə matçlardan danışıb. O bildirib ki, mütləq bu turnirdə qalib gəlməlidirlər: “Biz ölkə çempionatında inamlı qələbə qazandıq. Qarşıda daha bir tur var. Amma Avroliqanı daha çox düşünürük. Çünki Çempionlar Liqasında heç kim bizim “Ludoqorets”ə məğlubiyyətimizi gözləmirdi. Avrokuboklarda bizi “Neftçi” ilə oyunlar gözləyir. İnanıram ki, uğursuzluğumuzu “Neftçi” ilə bu oyunlarda unutduracağıq”.

 

Qeyd edək, Avroliqanın pley-off mərhələsində “Partizan” və “Neftçi” arasında ilk görüş avqustun 21-də Belqradda, ikinci qarşılaşma isə avqustun 28-də Bakıda keçiriləcək.