“Çox çətin oyun oldu. “Qarabağ” bizim meydanımızda qələbə qazanmışdı. Buna görə də evdə daha rahat oynayırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Valletta”nın müdafiəçisi İan Atsopardi deyib.
Dünən Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə uduzan maltalıların futbolçusu rəqibin daha güclü olduğunu bildirib: “Rəqib güclü idi. Bunu danmaq olmaz. Onlar növbəti mərhələyə layiq komandadır. Hətta deyərdim ÇL-də oynamağa da qadir bir heyətə malikdirlər. Fərdi keyfiyyətlərinə görə güclü futbolçular toplanıb. Onlara uğurlar arzu edirəm”.
Atsopardi hakim verdiyi qırmızı vərəqələr barədə də danışıb: “Qırmızı vərəqələr barədə nə demək olar ki? İlk qırmızı vərəqə məncə çox sərt qərar idi. Hakim sarı vərəqə verməklə də kifayətlənə bilərdi. Amma ilk dəqiqələrdən meydanda azlıqda qalmağımız bizi həvəsdən saldı. Sözsüz ki, “Qarabağ”ın növbəti mərhələdə də belə oynayacağına ümid edirəm. “Zalsburq” güclü komanda olsa da, Azərbaycan klubu uğur qazana bilər”.