“Xəzər Lənkəran” bu məkandan razı qalıb”
07.07.2014 - 12:53
“Xəzər Lənkəran” bu məkandan razı qalıb”

“10 ildir bu işlə məşğuluq. Öz şirkətimizi qurub, bu sahədə fəaliyyət göstəririk”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qalatasaray” və “Fənərbaxça”nın sabiq sağ cinah müdafiəçisi Arif Gözoğlu deyib.

 

Fatih Akyel və Əmrə Belözoğlu ilə birgə “Qalatasaray”ın aşağı yaşlılardan ibarət komandasında oynamış Gözoğlu 2004-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra Türkiyədə təşkilati işlərlə məşğuldu. Onun rəhbərlik etdiyi “Regna Travel Sports” şirkəti Türkiyədə toplanış keçən klubların məskunlaşması və onlara yoxlama oyunları üçün rəqib tapılmasına yardım edir.

 

Gözoğlunun sözlərinə görə, “Xəzər Lənkəran”a bu il Ərzurum təklif olunub: “Hollandiyanın 5 komandası, Almaniyadan “Kayzerslautern”, Ukraynadan Zaporojye “Metallurq”u, Türkiyə Superliqasından 8 klubla işbirliyi qurmuşuq. Azərbaycandan “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, AZAL, “Rəvan” kimi klublarla işləmişik. Klublar qışda həmişə Antalyada, yayda isə Bolu – Nevşehir bölgəsində hazırlıq keçir. Bizə bu il Ərzurum variantı təklif edildi. Gəldik, araşdırdıq və Ərzurumun Avstriya, Hollandiya, Sloveniyadan fərqli, bir yer olmadığını gördük. Bura öncə “Xəzər Lənkəran” gəldi. İnanıram ki, onlar bu məkandan razı qalıb”.

 

42 yaşlı sabiq futbolçu Ərzuruma bu il “Xəzər Lənkəran”dan başqa, bir çox klubların gələcəyini bildirib: “Avropa ilə müqayisədə Ərzurum Azərbaycana yaxındır, üstəlik hava şəraiti və otellərində də problem yoxdur. Ərzurum toplanışı ilk dəfə təşkil olunsa da, buraya təxminən 16 komanda hazırlıq keçməyə gələcək. Gürcüstan və Türkiyədən klublar da burda olacaq. Növbəti il bu sayın artacağını düşünürəm. Avstriyaya hazırda tələb çox olduğundan, ən bahalı yer oradır. Ancaq Sloveniya və ya Türkiyəyə baxdıqda görərsiniz ki, şərait hər 2 yerdə Avstriyadakından fərqlənmir. Sadəcə, tələbat çox olan yerin qiyməti də baha olur”.