“Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi
- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Oyun ərəfəsində heyətlə bağlı sıxıntı, hansısa problem varmı?
- Heyətimiz elə də geniş olmasa da, zədəli futbolçumuz yoxdur. Matça yaxşı hazırlaşmışıq. Rəqibin favorit olduğunu qəbul edirik, ancaq biz də Lənkərana gəzməyə gəlməmişik.
- İlk görüşdə 1:1 hesabı qeydə alındığından, mərhələ keçmək üçün qol vurmağınız vacibdir. “Araz Naxçıvan” “Xəzər Lənkəran”a açıq futbol təklif edə biləcək durumdadır, yoxsa daha çox əks-hücumlara və standart vəziyyətlərə bel bağlayacaqsınız?
- Necə oynayacağımızı açıqlamaq istəmirəm. Deyəcəyim odur ki, favorit “Xəzər Lənkəran”dır. Bunu nəzərə alıb, hərəkət etməliyik. Şansımız az da olsa, var və biz bunu dəyərləndirmək istəyirik.
- Necə düşünürsünüz, sabah 2 qol vursanız, mərhələ keçə biləcəksiniz, yoxsa 2 qolun yetərli olmayacağını düşünürsünüz?
- Açığı, bu cür hesablama aparmamışam. Hər şey oyunun gedişindən asılıdır. Təki 2 qol vuraq, sonrasına baxarıq.
- Yəni, 2 qol vuracağınız halda, oyununuzun alınacağını və rəqibin hücumlarına da önləyəcəyinizi güman edirsiniz?
- Bu suala ancaq münəccim cavab verə bilər (gülür). Bəli, bəzən belə hesablamalar olur. Məsələn, hansısa rəqiblə matçdan öncə müəyyən mülahizələr aparıb, 1 və ya 2 qol vuracağınız halda, qalib gələcəyinizi düşünə bilərsiniz. Ancaq indi vəziyyət fərqlidir. Lənkəranda başımıza nə gələcəyini bilmirik. Amma bizi əsməcə tutmayıb, bura döyüşməyə gəlmişik. Təzə yaranmış komadayıq. Mənim üçün də maraqlıdır ki, futbolçularımız bu cür matçda özlərini necə göstərəcəklər.
- İlk matçdan sonra qapıçınız Emil Balayev haqda xoş sözlər demişdiniz. Əgər penaltilər seriyasına qalsanız, o, bu yükü qaldıracaq gücdədirmi?
- Emil gəncdir, perspektivlidir və düşünürəm ki, öhdəsindən gələr. Belə götürəndə, itirəcək bir şeyimiz yoxdur. Bizim qarşımıza qoyulan əsas tapşırıq Premyer Liqaya vəsiqə qazanmaqdır.
- Ancaq demişdiniz ki, I divizion klubu ilə Azərbaycan kubokunu qazanan ilk məşqçi kimi tarixə düşmək istəyirsiniz...
- Bəli, bunu kim istəməz? Ancaq bundan önəmlisi, kuboku qazanacağımız halda, Avropa Liqasına vəsiqə əldə etməyimizdir. Belə götürəndə, çox çətin işdir, lakin kim bilir axırı necə olacaq. Bu, qismətdən asılı olan şeydir. Onu da deyim ki, “Xəzər Lənkəran” itirəcəyi daha çoxdur, nəinki bizim. Onların üzərində daha böyük təzyiq var. Adlı-sanlı, elitada mübarizə aparan komandadır, çempionatda işləri yaxşı getmədiyi üçün kubok vasitəsi ilə Avropa Liqasına düşmək istəyirlər.
- “Xəzər Lənkəran”ı səddini keçəcəyiniz halda, yarımfinalda “Qarabağ” – “Qəbələ” cütünün qalibi ilə görüşəcəksiniz. Bu komandalardan hansı ilə qarşılaşmaq nisbətən əlverişli olardı?
- “Xəzər Lənkəran”ı keçək, kimin düşəcəyi ikinci dərəcəli məsələdir.
- Ancaq razılaşın ki, istənilən turnirdə uğur qazanmaq, hədəfə çatmaq üçün bəxt amili də vacibdir. Məsələn, “Araz Naxçıvan” üçün “Qarabağ”la finalda qarşılaşmaq göydəndüşmə olardı. Ağdamlıların böyük ehtimalla, çempion olacağını nəzərə alsaq, kubokun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanardınız. Ancaq bu baxımdan bəxtiniz gətirməyib, Ağdam klubu ilə yarımfinalda qarşılaşa bilərsiniz...
- Bəxtimizdən şikayətlənməklə, heç nə dəyişməyəcək. Öncə “Xəzər Lənkəran”ı keçməliyik, vacib olanı budur.
ŞAMO
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər