“Xəzər Lənkəran” kimə deyib ki...” - MÜSAHİBƏ
07.04.2014 - 14:11
“Xəzər Lənkəran” kimə deyib ki...”  - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXIX turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Bakı” klubunun qapıçısı Aqil Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Məğlubiyyətin səbəbini nə ilə izah edərdiniz? Rəqibdən hansı komponentlərdə geri qaldınız?

- Pis oynamadıq. Sadəcə, hakim penaltimizi vermədi. Top Mahir Şükürovun əlinə dəydiyi epizodda referi 11 metrlik nöqtəni göstərməli idi. Amma bunu etmədi. Komandamızda çatışmazlıqlar var. Xüsusilə, hücum xəttində istənilən fəallığı göstərmədik. Qalan xətlər normal təsir bağışladı.

 

- Ön xətdə Marius Pena yer almışdı. Belə çıxır ki, rumıniyalı futbolçu işinin öhdəsindən gələ bilmədi...

- Pena haqda bir söz demirəm. Hər şeyi onun üzərinə yıxmaq olmaz. Futbol komanda oyunudur. Lakin Pena hücumda yer alıbsa, qol vurmalıdır.  

 

- Demək istəyirsiniz ki, komandanız zədə və cəza üzündən oynamayan futbolçuların güdazına getdi...

- Rauf Əliyev, Namiq Ələsgərov oynasaydı, məğlub olmayacaqdıq. Əksinə, qələbə qazana bilərdik. Ancaq onların zədələnməsi bizi xeyli geri saldı.

 

- Bu oyunu “6 xallıq qarşılaşma” adlandırırdılar. Qələbə sayəsində “Neftçi” ilə xalları bərabərləşdirib, turnir cədvəlində onları qabaqlayacaqdınız. Ən azı ilk “üçlüy”ə daxil olacaqdınız...

- Açığı, məğlubiyyət haqda düşünmürdük. Hamı meydana 3 xal üçün çıxmışdı. “Neftçi” də zəif komanda deyil. Olan oldu, qarşıdakı oyunlar haqda düşünməliyik.

 

- Gümüş medalın da əldən çıxdığını düşünmək olarmı?

- Hələ qarşıda 7 tur var və hər cür nəticələr qeydə alına bilər.

 

- Bundan sonrakı mərhələdə “Bakı”nın hədəfi nə olacaq?

- Uduzmamaq. Xal itkisinə yol versək, mükafatçılar sırasına düşməyimiz çətinləşəcək.

 

- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Rəqibinizin gələn həftə kubok oyununa çıxacağını nəzərə alsaq, matçın birtərəfli keçəcəyini gözləməyə dəyərmi?

- “Xəzər Lənkəran”dan sonra “İnter”lə qarşılaşacağıq. Dediyiniz haqda düşünmək düzgün olmaz. Oyun hər şeyi göstərəcək. “Xəzər Lənkəran” kimə deyib ki, “Bakı”ya qarşı zəif oynayacaq? Başa düşürük, kubokda oyunları var. Amma hər bir komandanın imici var.