Avstriyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” Rusiyanın “Mordoviya” klubu ilə iyulun 18-də qarşılaşmayacaq. Apasport.az xəbər verir ki, bu haqda Saransk klubunun rəsmi saytı xəbər yayıb.
Belə ki, “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı komandanın Avstriya toplanışının hazırlıq planında dəyişiklik baş verib. Belə ki, Rusiya Premyer Liqa təmsilçisi bu gün əvvəlcədən nəzərdə tutulduğu kimi Belqrad “Rad”ı ilə yox, Sarayevo “Slaviya”sı ilə yoxlama oyunu keçirəcək. “Xəzər Lənkəran”la matç isə iyulun 18-dən 19-na keçirilib. Ruslar iyulun 22-də Macarıstanın “Kapoşvar” klubunun yerinə Skopye “Vardar”ı ilə gücünü sınayacaq. Yalnız iyulun 25-dəki rəqib olduğu kimi qalıb. Belə ki, Syominin komandası həmin gün Çexiyanın “Olomouts” klubu ilə görüşəcək.
“Xəzər Lənkəran” tərəfi ilə də bu məsələni dəqiqləşdirmək istədik. Ancaq cənub klubundan bizə bildirdilər ki, vaxt dəyişikliyi olmayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Mordoviya”dan fərqli, Avstriya toplanışı çərçivəsində artıq ilk oyununu keçirib. Cənublular Ukraynanın “Karpatı” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.