“Xəzər Lənkəran”a baş məşqçi təyin olunan Oğuz Çətin almaq istədiyi yerli futbolçuların adlarını klub rəhbərliyinə təqdim edib. Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Rauf Əliyev, Vaqif Cavadov, Rəşad Sadiqov və Anar Nəzirovu “ağ-yaşıllar”ın sıralarında görmək istəyir.
Topaz Premyer Liqasında tətbiq olunan limitə əsasən, diqqətini azərbaycanlı oyunçulara yönəldən Çətin bu dörd futbolçudan ən azı üçünün transferində maraqlıdır. Rəşad Sadiqov və Vaqif Cavadovun “Xəzər Lənkəran”a keçmək ehtimalı yüksək olsa da, Rauf Əliyevlə Anar Nəzirovu istəyən təkcə cənub təmsilçisi deyil.
“Bakı” ilə müqaviləsi olan Rauf elə paytaxt klubunda da qala bilər. Həmçinin, onun xidmətində “Qəbələ”də maraqlıdır.
Nəzirovun “Qəbələ” ilə müqaviləsi olsa da, Kamran Ağayevlə mübarizədə ehtiyatda qalması, onun yolunu açır. Türkiyə PTT liqa təmsilçisi “Adanaspor”un da diqqət mərkəzində olan qolkiper çox güman “radarlar”ın heyətindən ayrılacaq. Belə də “Xəzər Lənkəran” üçün daha əlverişli şərait yaranacaq.