“Oyun bizim düşündüyümüzün tam əksinə getdi, planlarımız pozuldu. Matça nəzarət itirmişdik”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Zalsburq” klubunun futbolçusu Kevin Kempl Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk görüşündən sonra deyib.
Komandasının 23 yaşlı aparıcı oyunçusu Ağdam təmsilçisinə 1:2 hesablı məğlubiyyəti həzm edə bilmir. Kempl bildirib ki, Bakıda baş tutan matçda özlərini göstərə bilməyiblər: “İlk 20 dəqiqədə öz oyunumuzu belə tapmaqda çətinlik çəkirdik. Bu müddətdə yalnız bir dəfə effektli hücum edə bildik. Lakin fasiləyə qədər müəyyən qədər özümüzə gəldik. Çox axmaq qol buraxdıq. Topu yersiz itirdik və rəqibə əks-hücum şansı verdik. O da bu imkandan layiqincə yararlandı”.
Almaniyada anadan olan Sloveniya əsilli yarımmüdafiəçi avqustun 6-da Zalsburqda keçiriləcək cavab oyununa böyük ümid bağladığını deyib. Onun sözlərinə görə, “Qarabağ”la ikinci görüşdə bütün güclərini meydanda qoyacaqlar: “Şükür Allaha ki, cavab oyunu var. Bakıdakı məğlubiyyətə baxmayaraq, hələ də hər şey öz əlimizdədir. Gələn həftə bu rəqibə qalib gəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Cavab görüşündə hər şeyi yenidən başlayıb, Zalsburqda meydana kimin sahib olduğunu göstərməliyik”.