[b]10-cu qələbə, 100-cü və 250-ci qollar[/b]
23.09.2016 - 10:55
[b]10-cu qələbə, 100-cü və 250-ci qollar[/b]

Dünya çempionatının 1/8 final mərhələsinin Tailandla qarşılaşması futzal üzrə Azərbaycan millisi üçün yubileylərlə zəngin olub. Apasport.az saytının məlumatına görə, komandamız qələbə və qol sayında əlamətdar rəqəmləri fəth edib.

 

13:8 hesabı ilə qalib gələn Miltinyonun yetirmələri Azərbaycan millisinin DÇ-lər tarixində ümumilikdə 10-cu qələbəsini rəsmiləşdirib. Seçmə və final mərhələlərində üst-üstə 23 matç keçirən yığmamızın hesabında 6 heç-heçə və 7 məğlubiyyət də var.

 

Yığmamız Medelyindəki oyunadək 93 qol vurub, 69-nu buraxmışdı. Bu isə o deməkdi ki, Tailanda vurulan 7-ci top yubiley xarakteri daşıyıb. Matçın 31-ci dəqiqəsinin tamamlanmasına 1 saniyə qalmış Pollettonun vurduğu top millinin DÇ-lər tarixində 100-cü qolu olub. Matçın sonunadək top fərqimiz 106-76-yadək çatıb.

 

Qarşılaşmada hesabı açan Vassoura da tarixə düşüb. O, millimizin dünya və Avropa çempionatlarında 250-ci qolunu vurub. Bunadək keçirdiyi 67 matçda 249 top vurub, 221-ni buraxan komandamız Tailandla görüşdə 250-ni də arxada qoyub. Artıq hesabında 68 rəsmi matç olan millimizin top fərqi 262-228-di.

0