[b]11 əcnəbi[/b]
03.02.2015 - 10:53
[b]11 əcnəbi[/b]

Azərbaycan Premyer Liqa klubları qış fasiləsində əcnəbi oyunçu transferində passiv olublar. Apasport.az saytının məlumatına görə, bu müddətdə cəmi 11 əcnəbi futbolçu klublarımızla anlaşıb. Onlardan 3-ü eyni zamanda Azərbaycan vətəndaşlığını daşıyır.

 

Belə ki, 6 aylıq fasilədən sonra yenidən “Sumqayıt”a qayıdan Pərdis-Fərcad Azadla Uğur Pamuk, həmçinin “Simurq”un son transferi Cihan Özkara milliləşdirilmiş yığma üzvləridi.

 

“Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Bakı” əcnəbi gətirməməklə diqqət çəkiblər. “Qəbələ” bu baxımdan hamını üstələyir. Şimallılar 4 əcnəbi transferi həyata keçiriblər ki, onlardan da üçü ukraynalıdı.

 

AZAL-ın yeni transferi Valeri Kutsenkonu da saysaq, ümumilikdə bu ay ölkəmizə köçən ukraynalı futbolçu sayı 4-dü. “İnter” 2 hollandla heyətini gücləndirib. Milliləşdirilmişlərlə birlikdə klublarımız 2 türkiyəli, 1 almaniyalı, 1 belaruslu və 1 ispaniyalı futbolçu transfer ediblər.

 

Qış fasiləsində əcnəbi transferlər:

“İnter”: Yussef Fenniç, Ruben Şaken (hər ikisi Hollandiya)

“Simurq”: Xuan Alvarado (İspaniya), Cihan Özkara (Türkiyə)

“Qəbələ”: Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin (hamısı Ukrayna), Mixail Sivakov (Belarus)

AZAL: Valeri Kutsenko (Ukrayna)

“Sumqayıt”: Uğur Pamuk (Türkiyə), Pərdis Fərcad-Azad (Almaniya)

 

 

Yeni gələnlərlə yanaşı, ölkəmizi tərk edənlər də olub. Yalnız “İnter” və “Neftçi” bütün əcnəbilərini saxlamağı bacarıblar. Digər 7 komanda ümumilikdə 16 legionerlə yollarını ayırıb. Onlardan isə yalnız milliləşdirilmiş Uğur Pamuk Azərbaycanda qalıb. Ölkəmizi tərk edənlər arasında braziliyalılar çoxluq təşkil edir.

 

Belə ki, gedən 16 oyunçudan 4-ü məhz “sambaçı”dı. Bolqarıstanın isə 2 futbolçusu Azərbaycanla vidalaşıb. Klublarımızın yola saldıqları digər oyunçular arasında İsveçrə, Çexiya, Makedoniya, Türkiyə, Portuqaliya, Kolumbiya, İran, Sloveniya, Serbiya və Argentinanın da 1 nümayəndəsi var.

 

Yola salınan əcnəbi oyunçular:

“Qarabağ”: İnnosent Emeqara (İsveçrə)

“Simurq”: Lukas Tresnak (Çexiya)

“Xəzər Lənkəran”: Deyan Blajevski (Makedoniya), Uğur Pamuk (Türkiyə), Qalin İvanov (Bolqarıstan), Fernando Qabriel, Tieqo de Xesus, Vanderson Skarduelli (hamısı Braziliya)

“Qəbələ”: Yazalde Pinto (Portuqaliya), Markinyoş Karioka (Braziliya)

AZAL: Tomi Kostadinov (Bolqarıstan), Con Kordoba (Kolumbiya)

“Sumqayıt”: Kiyan Sultanpur (İran)
“Bakı”: Yure Travner (Sloveniya), Risto Ristoviç (Serbiya), Lukas Mario Horvat (Argentina)

 

 

Qeyd: “Xəzər Lənkəran”dan “Sumqayıt”a keçən Uğur Pamuku nəzərə almasaq, qış fasiləsində ölkəmizə 10 futbolçu köçübsə, 15-i Azərbaycanı tərk edib.