[b]11 illik rəqabətdə 11 oyunluq seriya[/b]
11.03.2018 - 14:17
[b]11 illik rəqabətdə 11 oyunluq seriya[/b]

Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” “Keşlə”nin qonağı olacaq.  Apasport.az saytının məlumatına görə, sözügedən oyun tərəflər arasında 43-cü duel kimi tarixə düşəcək.

 

İlk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. Matçların 14-də “Qəbələ” qələbə qazanıb, 13 oyun heç-heçə başa çatıbsa, 15 matçdan “Keşlə” qalib ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.

 

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan “Qəbələ”dən fərqli “Keşlə” 49 dəfə qol sevinci yaşayıb.
 

22-ci dəfə rəqibinə qonaq olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan “qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər. Rəqib meydanında 20 qolun sevincini yaşayan əyalət klubu 35 top buraxıb. 


“Keşlə” ilə görüşlərdə “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. Hazırda komandada çıxış etməyən hücumçu 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var.
 

“Qəbələ” artıq 11 matçdır “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komanda bu matçlarda ən azı 2 qol vurub.
 

Qeyd edək ki, Bakıdakı “İnter Arena”da keçiriləcək “Keşlə” - “Qəbələ” qarşılaşması martın 13-də baş tutacaq.