Azərbaycan kubokunun mayın 28-də keçiriləcək final matçı Bakı və paytaxtdan kənar klubların dueli kimi əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, turnirin tarixində 15-ci dəfə belə qarşılaşmaya təsadüf olunacaq.
Cari mövsümün finalında Bakı “Keşlə”si Qəbələnin eyniadlı komandası ilə görüşəcək. Bunadək 14 dəfə paytaxt klubları ilə bölgə təmsilçiləri finalda münasibətlərini ayırd edib.
İndiyədək baş tutan digər 10 final isə ya paytaxt derbisi ya da Bakı klubları olmadan keçirilib. Əvvəlki illərdə 3 dəfə həlledici matçda bakılılar üz-üzə gəlibsə, 7 dəfə final onların iştirakı olmadan keçirilib.
Paytaxt klubları bölgə təmsilçiləri ilə final matçlarında üstünlüyə malikdi. Bakı komandaları 14 belə finaldan 8-də kuboku başı üzərinə qaldırıb. Digər 6 matçda isə mükafat bölgəyə gedib. Lakin son iki dueldə (2014/15 və 2015/16) “Qarabağ” “Neftçi”ni titulsuz qoymağı bacarıb.
“Qəbələ” və “Keşlə” əvvəlki finallarında belə duellərdə qüvvələrini sınayıblar. “Qəbələ” 2013/14 mövsümündə “Neftçi”yə uduzubsa, paytaxtın 6 məğlubiyyətindən üçü “Keşlə”nin hasabındadı. O vaxt “İnter” adlanan klub 2007/08 və 2010/11 mövsümlərində “Xəzər Lənkəran”, 2008/09 mövsümündə isə “Qarabağ”la matçda kuboku qazanmaq şansını qaçırıb.
Qeyd edək ki, yarımfinalda “Keşlə” “Sumqayıt”ı, “Qəbələ” isə “Neftçi”ni mübarizədən kənarlaşdırıb.