[b]17-ci Ukrayna “savaş”ı[/b]
12.03.2018 - 12:45
[b]17-ci Ukrayna “savaş”ı[/b]

Azərbaycan Premyer Liqasının XX turu iki ukraynalı baş məşqçinin dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, sabah “İnter Arena”da baş tutacaq görüşdə Yuri Maksimovun rəhbərlik etdiyi “Keşlə” Roman Qriqorçukun çalışdırdığı “Qəbələ” ilə üz-üzə gələcək.

 

Bu, Azərbaycan çempionatları tarixində ilk Ukrayna dueli deyil. Belə ki, futbolsevərlər bu ölkədən olan mütəxəssislərin duelinə dəfələrlə şahid olublar.

 

9 ildən sonra

 

Lakin sonuncu belə qarşılaşmadan uzun zaman keçib. 2009-cu il martın 14-də “İnter” (indiki “Keşlə”) və “Simurq” arasında qarşılaşma ukraynalı məşqçilərin son matçı idi. Valentin Xodukinin çalışdırdığı paytaxt təmsilçisi Roman Pokoranın rəhbərlik etdiyi Zaqatala klubunu 2:1 hesabı ilə yenmişdi.

 

9 ildən sonra baş tutacaq duel yenə martın ilk yarısına təsadüf edəcək. 3286 gün sonrakı qarşılaşmada yenə tərəflərdən biri “Keşlə” olacaq və meydan sahibi kimi qüvvəsini sınayacaq.

 

“MKT-Araz” – “İnter” matçı ilə start

 

Ümumilikdə isə Azərbaycan Premyer Liqasında çalışan 9 ukraynalı baş məşqçinin iştirakı ilə 16 duel keçirilib. Qarşıdakı görüş 17-ci belə matç kimi tarixə düşəcək.

 

2005-ci il avqustun 27-də keçirilən “MKT-Araz”la (İqor Nakoneçnı) “İnter” (Anatoli Konkov) arasında 2:2 hesabı ilə başa çatan matç ukraynalıların Azərbaycandakı ilk qarşıdurması olub.

 

Xodukinlə Pokoranın 6 dueli

 

2005/06 və 2007/08 mövsümlərində 4, 2006/07 mövsümündə 6, 2008/09 mövsümündə isə 2 dəfə ukraynalılar rəqib kimi Premyer Liqada qarşılaşıb. Xodukinlə Pokora arasında “İnter” – “Simurq” duellərinə daha çox – 6 dəfə təsadüf olunub. Paytaxt klubu bütün görüşlərdə qələbə qazanıb – 2005/06 mövsümündə 2:0, 2:1, 2006/07 mövsümündə 2:0, 4:3, 2007/08 mövsümündə 2:0 və 2:1.

 

Ümumiyyətlə, Xodukin həmyerliləri ilə ən çox qarşılaşan ukraynalıdı. O, Pokora üzərində 6 qələbədən başqa, 2006/07 mövsümündə Nakoneçnının “MKT-Araz”ı (0:1, 2:0), növbəti çempionatda Anatoli Demyanenkonun “Neftçi”si (0:2) ilə də üzləşib.

 

Sülhsevər Pasulko, qələbəsiz Pokora

 

Xodukinin iştirak etmədiyi 7 belə matçda yuxarıda bəhs etdiyimiz Pokora, Denyanenko və Nakoneçnıdan başqa, Anatoli Konkovla Viktor Pasulko da mübarizə aparıb. Sonuncu “Xəzər Lənkəran”da, Konkov isə “İnter”də bu həyəcanı yaşayıb. Ölkəmizdə bir dövrə - 2005/06 mövsümünün ikinci yarısında çalışan Pasulko hər iki həmyerlisi ilə heç-heçə edib – Konkovla 1:1, Nakoneçnı ilə 0:0. “Inter”lə “MKT-Araz”ın həmin mövsümdəki duellərində Konkov sevinib – 2:2, 1:0.

 

2006/07 mövsümündə Nakoneçnının yetirmələri “Simurq”dan 4 xal alıb – 1:0, 1:1. Həmyerliləri ilə 9 matçda qələbəsi olmayan Pokoranın yetirmələri Denyanenkolu “Neftçi” ilə də sülhə imza atıb – 0:0.