[b]2015-ci ilin ən yaxşıları açıqlanır[/b]
23.12.2015 - 09:15
[b]2015-ci ilin ən yaxşıları açıqlanır[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən yaxşılarının açıqlanacağı tarixləri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ənənəvi olaraq müxtəlif nominasiyalarda ən yaxşıları müəyyənləşdirən qurum 2016-cı ilin əvvəlində siyahıları təqdim edəcək.

 

Yanvarın 4-də kişi, iki gün sonra isə qadınlar arasında ən yaxşı pleymeyker bəlli olacaq. Ayın 5-də dünyanın ən güclü 60 liqası üçün bombardirin adı açıqlanacaq. İFFHS yanvarın 7-də kişi, ertəsi gün isə qadın qapıçılar arasında ən yaxşını təqdim edəcək.

 

Ayın 13-də dünyanın ən yaxşı bombardirini, 14-də isə illik klub reytinqini açıqlayacaq federasiya ertəsi gün ən yaxşı qadın klubunun adını bildirəcək.

 

Yeni ilin 18-ci günündə dünyanın ən yaxşı liqalarının reytinq siyahısını açıqlayacaq İFFHS ayın 19-da kişi, 21-də qadın hakimlər arasında ən ədalətliləri müəyyən edəcək. Yanvarın 20-də və 22-də ən yaxşı məşqçilər məlum olacaq. Əvvəlcə klub, sonra isə yığma məşqçiləri arasında səsvermənin nəticələri qurumun saytında dərc olunacaq.

 

Qeyd edək ki, sorğuda əməkdaşımız, İFFHS-nin Azərbaycan nümayəndəsi Vüqar Xeyrullayev də iştirak edib.