21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin Rusiya ilə Bakıda keçirilən qarşılaşmasında Azərbaycan yığması 3:0 hesabı ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, bu qələbə Yaşar Vahabzadənin yetirmələri üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub.
155 gündən sonra. Son 5 qarşılaşmada xala həsrət qalan millimiz 155 gündən sonra xal və qələbə qazanıb. Cari tsiklin iyunun 15-də keçirilən ilk oyununda Farer adalarını səfərdə 1:0 hesabı məğlub edən yığmamız ardından Avstriya (0:2, 0:7), Almaniya (0:3, 1:3) və Finlandiyaya (0:1) uduzmuşdu.
440 gündən sonra. Mərhələnin əvvəlki 3 oyununda qola və xala həsrət qalan komandamız 440 gündən sonra azarkeşlərini sevindirdi. AVRO-2015-in 2014-cü il sentyabrın 3-də keçirilən görüşündə İsraili 3:0 hesabı ilə yenən yığmamız öz meydanındakı uğursuz seriyaya son qoyub.
2-ci darmadağın. Komandamız seçmə mərhələlərdə özünün ikinci böyükhesablı qələbəsini bayram edib. 440 gün öncə İsraili də eyni hesabla məğlub edən komandamız digər 87 qarşılaşmada belə fərqə nail olmayıb.
5-ci dubl. Rusiya yığmasının qapısına 2 qol vuran Kərəm Benke U-21-in tarixində 5-ci dublun müəllifi olub. Bunadək seçmə mərhələlərdə 4 dəfə oyunçumuz 2 dəfə fərqlənmişdi. Benkeyədək Samir Əliyev 2000-ci il oktyabrın 6-da Makedoniya - Azərbaycan (1:2), Asif Məmmədov 2007-ci il sentyabrın 11-də Xorvatiya - Azərbaycan (3:2), Tuğrul Erat 2013-cü il oktyabrın 10-da Norveç – Azərbaycan (1:3), Nizami Hacıyev 2014-cü il sentyabrın 3-də Azərbaycan – İsrail (3:0) qarşılaşmasında dubl müəllifi olmuşdu.