Bu gün Qırğızıstan yığması ilə qarşılaşan Azərbaycan millisi tarixində 5-ci dəfə mayın 29-da oynayıb. Apasport.az saytının məlumatına görə, komandamız 26 illik tarixində 5-ci dəfə bu gündə meydana çıxıb.
Yığmamız eyni zamanda ilk dəfə mayın 29-da qələbəyə sevinib - 3:0.
Birinci görüş 2005-ci ildə baş tutmuşdu. Yığmamız İranda meydan sahiblərinə 1:2 hesabı ilə uduzub. 2010 və 2016-cı illərdə Avstriya toplanışı zamanı Makedoniya millimizi hər iki görüşdə eyni hesabla üstələyib – 3:1.
Mayın 29-da uduzmadığımız ilk oyun 5 il öncəyə təsadüf edib. 2013-cü ildə komandamız Qətərlə sülhə imza atıb – 1:1.
Qırğızıstanla matç isə komandamızın mayın 29-da ilk qələbəsi kimi tarixə düşüb. Eyni zamanda komandamız ilk dəfə bu gündə 1-dən çox qol vurub.