Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan klubu pley-off mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, bu göstəriciyə Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubuna uduzan “Qarabağ” imza atıb. Pley-offdakı 6 belə halın hamısı Avropa Liqasında qeydə alınıb.
İki oyunun yekununda (2:1, 0:2) yenilən Azərbaycan çempionu bununla da qitənin ən nüfuzlu klub turnirindən daha zəif yarışa – Avropa Liqasına yuvarlanıb. Qurban Qurbanovun komandası bir yarışdan digərinə göndərilən 3-cü təmsilçimizdir.
2009/10 mövsümündə “Bakı” Bolqarılstan “Levski”sinə, 2012/13 mövsümündə isə “Neftçi” İsrail “Makkabi”sinə (Kiryat-Şmona) uduzduqdan sonra pley-offa düşmüşdü.
Hərəyə 1 dəfə pley-off oynayan “Bakı” və “Neftçi”dən fərqli “Qarabağ” 4-cü dəfə bu mərhələdə çıxış edəcək. Ağdam təmsilçisi 2009/10, 2010/11 və 2013/14 mövsümlərində elə Avropa Liqasında irəliləməklə qrupun bir addımlığında ilişib.
Amma əvvəlki 5 pley-offda yalnız “Neftçi” tarix yaza bilib. “Ağ-qaralar” Kipr APOEL-i ilə oyunlarda (1:1, 3:1) əldə etdiyi nəticələrlə qrupa düşüb. Ümumilikdə isə IV təsnifat mərhələsində cəmi 1 qələbə və 2 heç-heçəmiz var. Digər matçlar isə yenilgiylə bitib. Daha bir heç-heçə isə “Qarabağ”ın Hollandiya “Tvente”si ilə oyununa təsadüf edib.
Qeyd edək ki, 2009/10 mövsümündə olduğu kimi yenə iki təmsilçimizin pley-offda oynaması mümkündür. Bunun üçün qrupa düşən yeganə təmsilçimiz “Neftçi” Gürcüstan “Çixura”sını mübarizədən kənarlaşdırmalıdır.