[b]63 gündən sonra: Liderlər üz-üzə, Maksimovun derbidə debütü[/b]
09.02.2018 - 09:36
[b]63 gündən sonra: Liderlər üz-üzə, Maksimovun derbidə debütü[/b]

Sabah Premyer Liqada mövsümün ikinci yarısına start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkə çempionatındakı 63 günlük fasilədən sonra XV turun oyunları baş tutacaq.

 

Düzdür, əksər komandalar üçün bu fasilə daha uzun olub. Lakin təxirə salınan “Səbail” – “Qarabağ” matçının dekabrın 8-də keçirildiyini nəzərə alsaq, Premyer Liqada fasilə 63 gün sürüb.

 

III dövrənin ilk oyun günündə turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan 4 komanda üz-üzə gələcək. 2018-ci ilin açılış matçı Zirədə keçiriləcək. Ayxan Abbasovun çalışdırdığı eyniadlı komanda “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlindəki qonşular avrokuboklara vəsiqələr uğrunda mübarizədə xal hesablarını artırmağa çalışacaq. “Zirə” liderlərdən uzaq düşməmək üçün mütləq qalib gəlməlidi. Paytaxt təmsilçisi ən azı bir neçə saatlıq 2-ci pilləyə də yüksəlmək imkanına malikdi. Samir Abasovun yetirmələri isə daha çox rəqibinə yaxınlaşmağı, öz izləyiciləri ilə fərqin azalmamasını düşünür.

 

Təkcə turun deyil, ümumilikdə III dövrənin mərkəzi qarşılaşması da 2018-ci ilin ilk oyun gününə təsadüf edəcək. Ötən mövsümü ilk iki pillədə başa vuran, hazırda da hamıdan öndə qərarlaşan “Qarabağ”la “Qəbələ” “Azərsun Arena”da üz-üzə gələcək. Ağdam təmsilçisi qalib gəlsə, növbəti çempionluğuna doğru böyük addım atmış olacaq. Əsas rəqibi ilə xal fərqinin 9-a çatması Qurban Qurbanovun komandasına qızıl medal uğrunda mübarizədə böyük üstünlük verəcək. “Qəbələ” isə buna yol verməmək üçün ən azı 1 xal qazanmalıdı. Roman Qriqorçukun yetirmələrinin səfər qələbəsi isə Premyer Liqada intriqanı daha da artıracaq.

 

Fevralın 11-də çempionatın turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar münasibətlərini aydınlaşdıracaq. Öncə paytaxt təmsilçiləri “Keşlə” və “Səbail” üz-üzə gələcək. Bakı derbisi ukraynalı baş məşqçi Yuri Maksimovun Azərbaycanda debütünün rəsmiləşməsi ilə əlamətdar olacaq.  Onun yetirmələri turnir cədvəlindəki qonşuları ilə dueldə qələbə qazanmaq və “Səbail”ə yaxınlaşmağa iddialıdı. Yenilənmiş “Keşlə” ilə görüş Samir Əliyevin komandası üçün də önəmlidi. Premyer Liqanın debütantı orta sıralardakı mövqeyini möhkəmlətmək üçün ən azı 1 xal qazanmalıdı.

 

Tura Azərbaycanın iki ən köklü klubunun qarşılaşması ilə yekun vurulacaq. Heç də ən yaxşı günlərini yaşamayan “Neftçi” və “Kəpəz” Bakıda üz-üzə gələcək. Yunis Hüseynovun baş məşqçisi olduğu Gəncə təmsilçisi yenilənmiş heyətlə son pillədən qurtulmaq üçün qalib gəlməlidi. Son vaxtlar istefası gündəmdə olan Tərlan Əhmədovun yetirmələri də qələbəyə məhkumdu. Avrokuboklar mübarizəsində zərbə almamaq üçün bakılılar autsayderi itkisiz keçməlidi.

 

Azərbaycan Premyer Liqası

XV tur
10 fevral (şənbə)


16:00. “Zirə” – “Sumqayıt”

İlk iki dövrədəki oyunlar: 3:1, 1:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

19:00. “Qarabağ” – “Qəbələ”
İlk iki dövrədəki oyunlar: 2:1, 0:1

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azərsun Arena”


11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail”

İlk iki dövrədəki oyunlar: 1:0, 0:1
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz”
İlk iki dövrədəki oyunlar:
0:0, 1:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
8-ci km qəsəbə stadionu

 

1.

Qarabağ

14

12

1

1

25-6

37

2.

Qəbələ

14

10

1

3

28-14

31

3.

Zirə

14

9

3

2

23-11

30

4.

Sumqayıt

14

6

2

6

17-17

20

5.

Neftçi

14

5

1

8

17-16

16

6

Səbail

14

4

1

9

9-21

13

7.

Keşlə

14

2

2

10

9-24

8

8.

Kəpəz

14

2

1

11

10-29

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 9.