Bu gün Türkiyə kubokunun 2014/2015 mövsümünün final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə Superliqanın son qalibi “Qalatasaray” “Bursaspor”la qarşılaşacaq.
“Bursa Atatürk” stadionunda baş tutacaq görüşdə hər iki komanda kubok tarixində ilk dəfə finalda üz-üzə gələcək. Bu vaxta qədər tərəflər kubokun finalında rastlaşmayıblar. Superliqanı 77 xalla ilk pillədə başa vuran Hamza Hamzaoğlunun yetirmələri 20-ci dəfə çempionluğa sevinərək, 4-cü ulduza sahib olublar. “Qalatasaray” 24 qələbə, 5 heç-heçəyə nail olduğu halda, 5 dəfə də məğlubiyyətlə üzləşib. Topların nisbəti belədi: 60-35.
“Aslan” üçün növbəti hədəf ölkə kubokuna yiyələnməkdi. “Cim-bom” meydan sahiblərini məğlub edib, mövsümü “Qızıl dubl”la başa vurmaq istəyir. 15 dəfə bu mükafatı qazanan “Qalatasaray” kubokun finalında 21-ci dəfə iştirak edəcək. Türkiyədə ən çox zəfərə sahib olan “aslanlar” finalda “Fənərbaxça”ya (4), “Beşiktaş”a (3), “Ankaragücü”nə (3), “Trabzonspor”a (2), “Altay”a (1), “Antalyaspor”a (1) və “Əskişəhərspor”a (1) qalib gəlməyi bacarıb. İlk dəfə 1962/1963 mövsümündə keçirilən turnirin elə ilk zəfərinə də “Qalatasaray” yiyələnib. İstanbul nəhənginin həlledici mərhələdəki rəqibi “Fənərbaxça” olub.
“Cim-Bom” 2 oyunun nəticəsinə (2:1/2:1) əsasən, “sarı bülbüllər”i kubokdan məhrum edib. İlk kubok matçında “Zonquldak Kömürspor”u 5:0 hesabı ilə məğlub edən “sarı-qırmızılılar” bu turnirin finalında yalnız “Göztəpə” (1968-1969, 1:0/1:1), “Altay” (1979-1980, 1:0/1:1), “Beşiktaş” (1993-1994, 0:0/3:2, 1997-1998, 1:1/1:1, 5:3-pen) və “Trabzonspor”a (1994-1995, 3:2/1:0) uduzub. Ötən mövsüm “Əskişəhərspor”u 1:0 hesabı ilə üstələyən “Qalatasaray” 53-cü dəfə baş tutacaq kubokun finalında növbəti zəfərinə yiyələnmək niyyətindədi. Kuboka G qrupundan başlayan Hamza Hamzaoğlunun komandası 6 oyundan 12 xal toplayıb. “Aslanlar” yarımfinalda “Sivasspor”a 2 görüşün nətiəcəsinə əsasən, qalib gəliblər. Onu da qeyd edək ki, “Qalatasaray” sonuncu dəfə 1999/2000-ci illərdə həm Superliqanı, həm də Türkiyə kubokunu qazanıb.
“Bursaspor” isə mübarizəyə I mərhədən start verib. C qrupunda yer alan “timsahlar” “Qalatasaray” kimi, 6 görüşdən 12 xal qazanmağa müvəffəq olublar. 5 dəfə həlledici mərhələyə şans əldə edən Bursa təmsilçisi kubokun finalında ilk dəfə 1970/1971 mövsümündə çıxıblar. Lakin onlar bunu yalnız 15 ildən sonra bacarıblar. 1985/1986 mövsümündə “Altay”ı 2:0 hesabı ilə məğlub edən “yaşıl-ağlar” tarixində ilk və tək çempionluğa sahib olublar. “Bursaspor” Turkiyə kubokunun finalında sonuncu dəfə 2011-2012 mövsümündə mübarizə aparsa da, “Fənərbaxça”ya uduzublar. Bu dəfə bursalılar yarımfinalda “sarı bülbüllər”i mübarizədən kənarlaşdırıblar. Şenol Günəşin yetirmələri başa çatan Superliqanı 57 xalla 6-cı pillədə başa vurub. 16 qələbəyə sevinən “Bursaspor” 9 dəfə bərabərliyə razılaşıb və bunların 9-da meydanı başıaşağı tərk edib. Vurulan və buraxılan topların sayı - 69:44.
Kubokda bu mövsüm hər iki komanda ən çox fərqlənənlər arasında liderdi. “Qalatasaray” finala qədər 11 qarşılaşmada 34 dəfə rəqib qapıçılarını məyus edib. Orta hesabla “cim-bom” 3,09 dəfə qol vurub. Bu qollara komandanın 14 fərqli futbolçuları imza atsa da, rəqibi ən çox Qoran Pandev cəzalandırıb – 7 qol. “Bursaspor” isə 11 matçda 28 top vurmağı bacarıb. Orta hesabla “timsahlar” 2,54 dəfə fərqlənməyə müvəffəq olublar. Bu komandalar arasında keçirilən son oyunlarda “aslanlar” cari mövsümün açılış turunda rəqibini səfərdə 2:0 hesabı ilə məğlub ediblər. İstanbulda baş tutan qarşılaşmada isə “Bursaspor” evə 1 xalla qayıdıb – 2:2.
Final görüşündə “Qalatasaray”ın ən böyük itkisi Fernando Muslera olacaq. Uruqvay millisinin qolkiperi 11 iyun - 4 iyul aralığında Çilidə keçiriləcək 44-cü Amerika Kuboku yarışında iştirak etmək üçün ölkəsinə yollanıb. Onu qapıda Sinan Bolat əvəzləyəcək. Rəqib komandanın düşərgəsində isə cəzalı və zədəli futbolçular - Sərdar Əziz və Renato Civellidir ki, baş məşqçi Şenol Günəş hər iki oyunçunun xidmətindən yaralana bilməyəcək.
Qarşılaşmadan əvvəl baş tutan mətbuat konfransında Günəş matçın “feyr-pley” çərçivəsində keçməsini istədiyini bildirib: “Qalatasaray” layiq olduğu çempionluğu qazandı. Onlara ÇL-də uğurlar arzulayıram. Çempionat başlamamışdan əvvəl futbolçularıma meydanda ən yaxşı oyununuzu göstərməsini istədim. Biz də əmək verdik. Superliqada istədiyimiz yeri tuta bilmədik. Amma göstərdiyimiz oyundan ləzzət aldıq. Lakin xal baxımından kefimiz qaçdı. Doğma azarkeşlər önündə baş tutacaq qarşılaşmanın gözəl oyun olmasını arzulayıram. “Qalatasaray”ın yaxşı futbolçuları və baş məşqçisi var. Böyük komandaya qarşı mübarizə aparacağıq. “Bursaspor” da futbolu sevən böyük bir şəhərin klubudu. Tribuna iki yerə bölünəcək. Görüşün “feyr-pley” çərçivəsində keçməsini istəyirəm. Çempionatda istədiyimizi əldə edə bilməsək də, bu dəfə buna nail olmaq niyyətindəyik”.
Hamza Hamzaoğlu isə kuboku layiq olan komandanın qazanmasını arzulayıb: “Bursaspor” və Şenol Günəşi göstərdikləri oyun münasibətilə təbrik edirəm. Bu kuboku hər iki komanda qazanmaq istəyir. Hər iki klub yaxşı oyun göstərən və mübarizə aparan kollektivdi. Bunlardan biri kuboka sahib olacaq. Layiq olan qazansın. Uduzan tərəfin isə oyundan ləzət almasını istəyirəm”.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq qarşılaşmanı Bülənt Yıldırım idarə edəcək. Onun köməkçiləri Baki Tuncay Akkın və Asım Yusuf Öz olacaq. Görüşün 4-cü hakimi funksiyasını isə Özgüç Türkalpa yerinə yetirəcək.
İsmayıl NƏSİBLİ