[b]Ernesto Valverde “İnter”lə qarşılaşmaq istəmir[/b]
18.07.2015 - 11:08
[b]Ernesto Valverde “İnter”lə qarşılaşmaq istəmir[/b]

“Avropa Liqasındakı potensial rəqiblərimizə hörmətlə yanaşırıq. Çünki həm “İnter”, həm də “Hafnarfyordur” peşəkar klubdu”. Apasport.az saytının məlumatına görə, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində “Hafnarfyordur”la (İslandiya) qarşılaşan Bakı “İnter”i rəqibini üstələyə bilsə, növbəti mərhələdə “Atletik”lə qarşılaşacaq. İspaniya klubunun baş məşqçisi potensial rəqiblər barədə yerli mətbuata açıqlamasında bunları deyib: “Doğrudu, biz yoxlama görüşlərində qüvvəmizi sınayırıq. Ancaq unutmayaq ki, onlar rəsmi oyunlar keçirirlər. Hələ ki, rəqibimizin hansı komanda olacağını bilmirik. Hansı olursa-olsun, ona hörmətlə yanaşacaq, matçlara məsuliyyətlə çıxacağıq. Bakıda keçiriləcək cavab matçını yaxından təqib edəcəyik. Rəqibimiz bəlli olduqdan sonra isə daha yaxşı araşdırma aparacaq, internet materiallarından yararlanacağıq”.

 

“İnter” “Hafnarfyordur” səddini aşa bilsə, La Liqa təmsilçisi Bakıda süni örtüklü meydançada mübarizə aparmalı olacaq. Bu amil də Valverdeni narahat edir: “Bizim növbəti mərhələdə süni örtüklü meydançada oynamaq ehtimalımız da var. Bu amil məni düşündürür. Çünki futbolçuların belə meydançada zədələnmə ehtimalı çox olur. Lakin süni örtük yeni bir şey deyil. Əgər III mərhələdə səfər matçını süni örtüklü meydançada keçirəsi olsaq, o zaman hazırlığı da bu cür örtükdə davam etdirəcəyik”.

 

Qeyd edək ki, “İnter” ilk oyunda səfərdə 2:1 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 23-də “İnter Arena”da keçiriləcək.