“Qarabağ” ev oyunlarındakı quru seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVII turunun “Kəpəz”lə görüşündə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 6 matçdı qonaqlara qol sevinci yaşamaq imkanı vermir.
Buna sonuncu dəfə “Sumqayıt” nail olub. VI turun sentyabrın 22-də keçirilən matçında 4:1 hesabı ilə qalib gələn “Qarabağ” 8-ci dəqiqədə Bəxtiyar Həsənalızadənin qoluna məyus olmuşdu. Sonrakı 157 gündə isə Ağdam klubu öz meydanında qapısını “kildiləyib”.
“Zirə” (0:0), “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) görüşlərdə qapısında qol görməyən “Qarabağ” 4 qələbə qazanıb və 2 heç-heçə edib.
Azərbaycan çempionunun bu göstəricisi hazırda davam edən seriyalar arasında dünyada 7-ci yerə şərikdi. İlk sırada isə 8 ev oyunudu qol buraxmayan ÇFR (Rumıniya) qərarlaşıb. “Paneqialios” (Yunanıstan), “Poltava” (Ukrayna), “Sportinq” (Portuqaliya), “Nasaf” (Özbəkistan) və “Sutyeska”nın (Monteneqro) hesabında 7 belə matç var. “Qarabağ”la eyni nəticəyə isə “Olomouts” (Çexiya), “Mordoviya” (Rusiya) və “Atletiko” (Kolumbiya) malikdi.