“Azərbaycan futbolu ildən-ilə inkişaf edir. Bu ölkə Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmağa layiqdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo deyib.
Klubun tarixində ən çox oyun keçirən futbolçu Braziliya mətbuatına açıqlama verib. Kapitanı olduğu “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la qarşılaşmaları haqda fikirlərini açıqlayan Dodo Azərbaycan futbolu haqda da danışıb: “Azərbaycanda futbolu sevirlər. Oyunlar zamanı azarkeşlər stadionlara gedib, komandalarını dəstəkləməyə çalışır. “Panatinaikos”la Bakıdakı ilk qarşılaşmada onların dəstəyi bizə əlavə üstünlük qazandıra bilər. Bu qarşılaşmalar bizim hamımız, klub üçün çox vacibdi. Afina təmsilçisi qrup mərhələsinə düşmək iddiamızı gerçəkləşdirmək üçün son maneədi. Evdə keçiriləcək ilk qarşılaşmada elə nəticə qazanmalıyıq ki, Yunanıstana üstün durumda yollanaq. Bu işin öhdəsindən gəlmək asan olmayacaq. Lakin biz sonadək mübarizə aparacağıq”.