[b]“Azərbaycan yığmasına 2 dəfə namizəd olmuşam”[/b]
16.12.2015 - 12:56
[b]“Azərbaycan yığmasına 2 dəfə namizəd olmuşam”[/b]

“İki dəfə Azərbaycan və Albaniya yığmalarının baş məşqçisi postuna namizəd olmuşam. Ancaq sonda başqaları ilə razılaşıblar”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy deyib.

 

Bolqarıstan mətbuatına danışan təcrübəli çalışdırıcı maraqlı fikirlər səsləndirib. Hazırda bu ölkənin “Pirin” klubunda işləyən Şensoy Bolqarıstan millisində baş məşqçi İvaylo Petevi əvəzləmək arzusundadı.

 

57 yaşlı məşqçi Bolqarıstan millisinin imkanlarından aşağı səviyyədə çıxış etdiyini əsas gətirərək, yığmanı çalışdırmağa hazır olduğunu bildirib: “Bolqarıstan millisini çalışdırmağı çox istərdim. Bu, mənim üçün şərəf olardı. Bolqarıstan yığması layiq olduğu pillədə qərarlaşmayıb. Bu cür istedadlı futbolçularla dünyanın ən texnikalı millilərindən olmalıdı.

Əgər elə bir dəvət alsam, məşqçilik karyeramda yeni çağırış olar”.

 

Azərbaycanda fasilələrlə 2 dəfə çalışmış Şensoy Bolqarıstanda özünü yad hiss etmədiyini vurğulayıb: “Ailəm İstanbulda yaşayır. Bir oğlum və bir qızım var. Qızım bu il stomatologiya üzrə təhsilini bitirəcək. Oğlum əvvəl futbolla məşğul olub. Sonra universitetə daxil oldu və futbolun başını buraxdı. Tikinti sahəsi üzrə təhsillidi. Ailədən ayrı yaşamaq çətin olsa da, Bolqarıstanda özümü heç vaxt yad hiss etməmişəm. “Pirin”ə gələndə Türkiyə və Albaniyadan təklif almışdım. Amma “Pirin”i seçdim. Dostlarım dedi ki, bu kluba qayıtmağının mənası yoxdu. Çünki komandanın cəmi 4 xalı var idi, 1 və ya 2 qol vurmuşdu. Buna baxmayaraq, “Pirin” mənə doğma komanda olduğundan, həmin təklifi qəbul etdim. Mənim üçün pul əsas rol oynamır”.