[b]“Bakı” haqqında qəmli bayatı[/b]
11.06.2014 - 14:21
[b]“Bakı” haqqında qəmli bayatı[/b]

Bir halda ki, “Bakı” mövzusuna toxunmuşuq, əvvəlcə çox hörmətli Yaşar Seyidova gözaydınlığı verirəm. Cənab Seyidov son müsahibəsində bildirmişdi ki, klubun prezidenti Hafiz Məmmədovun harada olduğundan xəbərsizdi. Sitat: “Hafiz müəllim hazırda ölkə xaricindədi, sözün düzü, dəqiq hansı ölkədə olduğunu bilmirəm...”

 

Yaşar bəy bu sözləri həmkarımızın “Bakı”dakı qeyri-müəyyənliklər, Milinko Pantiçlə klub prezidentinin gözlənilən görüşü haqqında sualına cavab olaraq söyləyib. Nə birinci, nə beşinci dəfədi ki, biz oxşar cavab eşidirik. Yalan olmasın, təxminən 5 ildi paytaxtın eyniadlı klubunda bu cür müəmmalar yaşanır və hər dəfəsində də oxşar cavablar eşidilir: “Hafiz müəllim gələcək, klubun strukturu müəyyənləşəcək, kimlərin hansı vəzifəni daşıdığı bilinəcək”, “Hafiz müəllim xaricdədi, gələndən sonra hansı futbolçunun gedəcəyi, hansının qalacağı məlum olacaq”, “klub prezidenti yoxdu, qayıdacaq, futbolçuların maaşları ödəniləcək”... Bu siyahını ürəyiniz istədiyiniz qədər uzada bilərsiz. Vaxtınız və həvəsiniz varsa, internetdə axtarış verin, mübaliğəli desəm, “Bakı” rəsmilərinin ilk belə açıqlamasının tarixi eramızdan əvvəlki IV minilliyə gedib çıxır.

 

Zarafat bir yana qalsın. “Bakı”nın vəziyyəti heç də yaxşı deyil. Dünən axşam məlum oldu ki, cənab Məmmədov İngiltərədə imiş, orada aşağı divizion klublarından birinin alqı-satqı işlərini həll edirmiş. Yenə yalançı vətənpərvərlər boğazları cırılana qədər bağırmağa, Hafiz bəyin klub alveri sayəsində Azərbaycanın adının dünyada tanıdılması haqda illüziyalar oxumağa başlayacaqlar.

 

Öz aramızdı, həmyerlimizin klub almaq hobbisi lap marketdən çörək almağa çevrilib. Sovet vaxtı marka kolleksionerləri olardı, cürbəcür poçt markalarını alıb, saxlayardılar. İndi də cənab Məmmədov getdiyi xarici ölkədə maddi sıxıntılar içində çabalayan bir klub tapan kimi onu alır. Dünya Azərbaycandan yox, pulu-parası tükənmək bilməyən zəngin iş adamından danışır. Əcnəbi futbol şərhçiləri bu gedişlə azərbaycanlı milyonerin FİFA-nı və UEFA-nı da alacağından narahatdı. Onlar bilmir, bizsə bilirik ki, Hafiz bəyin başı Avropanın fəqir-füqarə klublarına o qədər qarışıb ki, doğma vətənində ac qoyduğu futbolçuları da unudub. Hər nə qədər yerli futbolçular abırlarına qısılıb, aylarla maaş üzünə həsrət qaldıqlarını gizlətməyə çalışsalar da, cidanı çuvalda saxlamaq mümkünsüz işdi. Bir neçə gün bundan əvvəl Cavid Hüseynov dörd aydı maaş üzünə həsrət qaldıqlarını, bu səbəbdən də maddi sıxıntı çəkdiklərini etiraf etməli olmuşdu. Elə “Bakı”nın legionerləri də vətənlərində verdikləri açıqlamalarda son ayların maaşını ala bilmədiklərindən, ümumiyyətlə gələcək talelərinin müəmmalı olmasından şikayətlənirlər.

 

Atalarımız “bir əldə iki qarpız saxlamaq olmaz” deyiblər. Hafiz Məmmədov indiyə qədər bir əlində üç qarpız - “Atletiko”, “Lans”, “Bakı” - saxlayırdı. Üstəlik, Biləcəri “Lokomotiv”i də onun pullarıyla ayaqda dururdu. Artıq bu siyahıya İngiltərənin “Şeffild Uensdey” klubu da əlavə olundu. Bu qədər klubun işlərinə can yandırmaq, gəlirinə-çıxarına nəzarət etmək, hamısına pul çatdırmaq faktiki mümkünsüz görünür. Nəzərə alsaq ki, Hafiz bəy eyni zamanda ciddi biznes layihələriylə məşğul olur, ortaya xeyli suallar çıxır. İstər-istəməz ögey-doğmalıq münasibətləri yaranacaq, kimisi daha çox diqqətə və pula layiq görüləcək, digəri kənarda qalacaq. Hadisələrin gedişi “Bakı”nın ikinci cərgədə olacağından xəbər verir. Belədə “Bakı” kubok alacaq, “Bakı” çempion olacaq” nəqəratlı nəğmənin də qəmli bayatılarla əvəzlənəcəyi şübhəsizdi.

 

Amal

futbolinfo.az

0