Ötən həftəsonu “Bakı”da klubdaxili iclas keçirilib. Apasport.az saytının xəbərinə görə, rəhbərlik maliyyə çətinliyi üzündən yaranan problemləri müzakirə edib və vəziyyətdən çıxmaq üçün bəzi planlar cızıb.
Klub büdcəsinin həddindən artıq “yüklənməsi” və bu üzdən işçilərə olan borcun, hətta kommunal xərclərin ödənilməsində yaranan çətinliklərdən çıxış yolu tapmaq üçün bir sıra versiyalar səsləndirilsə də, sonda onlardan biri üzərində dayanılıb.
Belə ki, “Bakı” ənənəvi üsuldan – ixtisarlardan yararlanacaq.
Ancaq bu ixtisarların kimləri əhatə edəcəyi məlum deyil. Heyətdə lazımsız olan və büdcənin əsas hissəsini “yeyən” 10-dan çox legioner olsa da, deyəsən, topun qabağına onlar yox, digər sahələrdə çalışanlar qoyulacaq. Xidmət sahəsinin, eləcə də ofis işçiləri, aşağı yaş qrupunda çalışanlar bu ixtisarlardan “nəsibini alacaq”. “Bakı”da bir sıra yüksək maaş qarşılığında heç bir iş görməyənlər var ki, onların da yola salınacağı ehtimal edilir.
Halbuki onlarla yanaşı, ilinə yarım milyon dollar qazanıb çempionat oyunlarının yarısına çıxmayan bir çox futbolçu var ki, onlardan imtina daha faydalı olardı. Amma belə “büdcə yeyənlər”in əksəriyyəti klubda vəzifə tutan qohum-qardaşın kadrı olduğundan “şapalağ”ın yenə klubun əsas işlərini görənlərə dəyəcəyi mümkündü (futbolinfo.az).