[b]“Beşiktaş” + “Qalatasaray” + “Fənərbaxça” = Neymar[/b]
03.08.2017 - 12:05
[b]“Beşiktaş” + “Qalatasaray” + “Fənərbaxça” = Neymar[/b]

“Barselona”dan ayrılmağa hazırlaşan Neymarın PSJ-yə keçidi dünya futbol ictimaiyyətinin gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, 222 milyon avro qarşılığında Fransa klubunun yolunu tutan braziliyalı superulduz ən bahalı transfer kimi də tarixə keçib.

 

Ancaq “sambaçı”nın keçidində rəqəmlər bununla bitmir. Parislilər Neymarın özünə 100 milyon avro müqavilə pulu və hər il 30 milyon avro maaş ödəyəcəklər. Beləliklə, yeni komandası ilə 5 illik müqavilə imzalayacaq 25 yaşlı hücumçunun transferi PSJ-yə nə az, nə çox, düz 472 milyon avroya başa gəlib. Fransalıların sahibi Nasser əl-Xelaifi həmçinin futbolçuya 1 villa, 3 lüks avtomobil, 1 şəxsi təyyarə və bəzi otellərdən pay söz verib. Bunları da əlavə etsək, qətərli iş adamının yarım milyard avroya yaxın xərcə düşdüyünü söyləmək olar.

 

Türkiyə mətbuatı Neymara görə xərclənən pulla Superliqa klublarına ayrılan məbləğin müqayisəsini aparıb.

 

Maraqlıdı ki, Neymarın transfer qiyməti olan 222 milyon avro Türkiyə çempionatında çıxış edən 524 futbolçunun ümumi dəyərinin təxminən 1/3-i ilə bərabər qiymətləndirilir. Superliqadakı bütün oyunçuların ümumi qiyməti 764 milyon avro hesab olunur ki, bu da “Barselona”ya ödənilən puldan 3,4 dəfə çoxdu.

 

“Sambaçı” üçün xərclənən 472 milyon avro ilə müqayisə aparsaq, bu zaman Türkiyədəki oyunçuların hamısının birlikdə Neymarın ikiqatına belə çatmadığını görərik. Braziliya millisinin 222 milyon avroluq transfer məbləği Türkiyədə “üç böyüklər” – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın ümumi dəyərinə çox yaxındı. Bu 3 klubun oyunçularının ümumi qiyməti 267 milyon avroya bərabər göstərilir.