[b]"Biz gələcəyin komandasını qurmağa çalışırıq” - Samir Əliyev[/b]
18.08.2015 - 15:34
[b]"Biz gələcəyin komandasını qurmağa çalışırıq” - Samir Əliyev[/b]

“Neftçi” əsası gənc futbolçulardan qurulmuş komandadı. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdı. Amma təcrübə də birdən-birə qazanılmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Klubun rəsmi saytına açıqlama verən gənc çalışdırıcı Topaz Premyer Liqasının II turunun “İnter”lə səfər oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib. O, bunu futbolçuların bir hissəsinin təcrübəsizliyi, gənc olması ilə bağlayıb: “Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidi. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdü, “Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik. “İnter”lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq. Amma biz komandamıza, futbolçularımıza güvənirik. Mən özüm də məşqçi kimi gəncəm və daim öyrənməyə, inkişaf etməyə çalışıram. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Azarkeşlər də hər zaman komandada yerli futbolçuların çox olmasını istəyirlər. Elə bizim də məqsədimiz budur. Çalışırıq ki, təcrübəli legionerlərin əhatəsində onların özünə inamı daha da artsın. Doğru yolda olduğumuzu zaman sübut edəcək. Sadəcə, bir az səbrli olmaq lazımdır”.

 

Qeyd edək ki, ilk iki turda 1 xal toplayan “Neftçi” cari mövsümdə qol vura bilməyib.