“Etiraf edim ki, “Feyenoord”da xoşbəxt deyildim. Əksinə, üzüntüm böyük idi. Məşqlərdə canla-başla hazırlıq keçir, şans qazanmaq üçün mübarizə aparırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in hollandiyalı futbolçusu Ruben Şaken deyib.
Topaz Premyer Liqasının XIX turunun “Sumqayıt”la oyununda (0:0) debüt edən futbolçu Hollandiya mətbuatına açıqlamasında “Feyenoord”an ayrılıb, Azərbaycana gəlməsinə toxunub.
O bildirib ki, Rotterdam təmsilçisinin heyətindəki son oyununda “Dordrext”ə qol vurması “İnter”dəki karyerası üçün müsbət təkan olmalıdı: “Baş məşqçimiz mənə güvənmirdi. Mən bu barədə onunla söhbətə də can atmırdım. Başımı aşağı salıb, səylə çalışırdım. Sonda baş məşqçimiz mənə meydana çıxmaq imkanı yaratdı və mən də bundan maksimum yararlanıb. Qol sevinci yaşadım. Çox sevinirəm ki, son oyunumda qol vurmağı bacardım. Bu qol mənə yeni klubuma – Azərbaycana yüksək əhval-ruhiyyədə yollanmaq üçün stimul oldu. Çünki son matçında nə qədər yaxşı təsir bağışlasan, yeni klubunda da eyni uğuru qazanarsan”.
Qeyd edək ki, 2010-14-cü illərdə “Feyenoord”da çıxış edən 33 yaşlı yarımmüdafiəçi Hollandiya çempionatının yüksək liqasında vurduğu 18 qoldan 15-ni bu klubun, 3-nü “Venlo”nun heyətində rəqib qapılarından keçirib.